Hər şeyi bilməyə kömək edən ən mühüm xüsusiyyətlərdən biri onun motivasiyasını bilməkdir. Quranda yalanın motivinə işarə var. Quran buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” (Nəhl, 105).
Əgər yalançı Allahın elminə, qüdrətinə və vədlərinə kifayət qədər güvənsəydi, dünya mal-dövləti, mövqe və məqam qazanmaq üçün əsla yalan danışmaz, yalanda uğurunu görməzdi. Yoxsulluqdan qorxmaz, insanların pərən-pərən düşməsindən və ictimai nüfuzunun itirilməsindən qorxmazdı. Məqam və qüdrətinin Allahdan olduğunu bilər və onu saxlamaq üçün yalana əl atmazdı.
Bu əməlin mahiyyəti ondan ibarətdir ki, o, təkcə bir günah kimi tanınmır, həm də insan fitrətində başqa günahların yaranmasına və artmasına səbəb olur. İmam Həsən Əskəri (ə) bir hədisdə bu haqda gözəl buyurmuşdur: ««جُعِلَتِ الْخَبائِثُ كُلُّها فى بَيْتٍ وَ جُعِلَ مِفْتاحُهُ الْكِذْبَ
“Bütün pisliklər bir otağa qoyulub və o otağın açarı yalandır.
Günahkar insanlar rüsvay olmaq təhlükəsi ilə üzləşdikləri zaman günahlarını yalanla ört-basdır edərlər. Başqa sözlə desək, yalan rüsvay olmaq qorxusu olmadan hər cür günahları işlətməyə imkan verir. Doğru danışan isə başqa günahları tərk etməli olur. Çünki doğru danışmaq ona günahı inkar etməyə imkan vermir. Rüsvay olmaq qorxusu onu günahı tərk etməyə dəvət edir.
Bir hadisəni yalandan quran onu zaman və məkan, ətrafdakı insanlar və hadisələrlə saxtalıqla əlaqələndirməyə məcbur olur. Bu əlaqələrin həddi-hüdudu olmadığı üçün bir neçə halda bunu doğru göstərdiyini fərz etsək, digər hallarda mütləq yalan olduğu üzə çıxacaq.
Allah Quranda Allaha yalan söyləyənlərin nicat tapmayacağını bildirmişdir: “De: “Allaha yalan uyduranlar nicat tapmazlar” (Yunis, 69)./iqna