Whatsapp üçün təqdim ediləcək növbəti yenilənmələrdən birində messencer konfidensiallıq ilə bağlı yeni funksiya əldə edəcək. Söhbət, çatların barmaq izi skanı və ya xüsusi şifrə ilə qorunmaları funksiyasından gedir. Sözügedən yeni funksiya Whatsapp-ın 2.23.8.2 nömrəli beta versiyasında aşkar edilib. Məlumatda qeyd edilib ki, barmaq izi skanı və ya xüsusi şifrə vasitəsilə qorunan çatlar digər çatlardan ayrı şəkildə müvafiq ekranda əks olunacaqlar. Nəticədə kənar şəxs bu cür çatlara daxil ola bilməyəcək. Çünki ondan barmaq izi skanı və ya xüsusi şifrənin daxil edilməsi tələb ediləcək. Bu yeni funksiya həmçinin çatlardakı foto və video kimi media faylların konfidensiallıqlarını da təmin edəcək. Belə ki, barmaq izi və ya xüsusi şifrə ilə qorunan çatlar daxilində qəbul edilən media fayllar avtomatik olaraq Gallery-yə düşməyəcəklər. Sözügedən yeni təhlükəsizlik funksiyasının yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.
Technote.az