Türkiyənin şimal-qərb bölgəsində meşə yanğını güclənib

Türkiyənin şimal-qərb bölgəsində meşə yanğını güclənib. Bu barədə Türkiyənin “Anadolu” dövlət agentliyi məlumat yayıb.

Onların məlumatına görə, yanğının yeni ərazilərə keçməsi təhlükəsi ilə əlaqədar daha beş yaşayış məntəqəsindən vətəndaşların təxliyəsi qərara alınıb. Bundan əvvəl doqquz kənddən əhali köçürülmüşdü.

Yanğından zərər çəkənlərin sayı 95 nəfərə çatıb. 2900-dən çox yanğınsöndürən yanğını söndürməyə çalışır. Səkkiz təyyarə, 28 helikopter və 445 texnika səfərbər edilib.

Çanaqqala boğazı da genişmiqyaslı yanğın səbəbindən müvəqqəti olaraq bağlanıb. Qeyd edək ki, Türkiyədən başqa təbii fəlakət qurbanlarının olduğu Yunanıstanda da meşə yanğını 5 gündür davam edir. Son məlumatlara görə, 20 nəfər ölüb. Onların arasında, ehtimal ki, 18-i Aleksandrupoli şəhəri yaxınlığındakı meşəyə sığınan miqrantlardır.

Afinanın kənarında da yanğın tüğyan edir, buna görə bir neçə yaşayış məntəqəsi boşaldılıb, Afinanı tüstü bürüyüb. Yanğının söndürülməsinə yüzlərlə yanğınsöndürən, hərbçi, polis və könüllülər cəlb olunub. Aviasiya da səfərbər olunub./1tv.ge