Spot adlı dördayaqlı robota ChatGPT çat-botu inteqrasiya edilib (VİDEO)

Santiago adlı mühəndis Boston Dynamics şirkətinin dördayaqlı robotu olan Spot-a süni zəka əsaslı ChatGPT çat-botunu və Google text-to-speech sistemini inteqrasiya edib. Bunun sayəsində robot səs vasitəsilə insanlarla ünsiyyət qura bilir. Mühəndisin sözlərinə əsasən Spot robotu ChatGPT vasitəsilə məlumatları analiz edə və sürətli şəkildə cavabları tərtib edə bilir. Səsin tanınması üçün robot Whisper adlı sistemdən istifadə edir. Qeyd etmək lazımdır ki, Spot bir çox tapşırıqların yerinə yetirilməsində istifadə edilir və o, gün ərzində böyük həcmdə məlumat yığır. Həmin məlumatları isə sürətli şəkildə emal etmək qəliz məsələdir.

Santiago bildirib ki, ChatGPT bu problemi aradan qaldırmağa yardımçı olub. Süni zəka əsaslı çat-bot qəbul edilmiş məlumatların analizi və emalının öhdəsindən sürətlə gəlir. Daha sonra o, real insanın səsli sorğusuna anlaşılan dəqiq cavabı təqdim edir. Spot-un söz lüğətinə müxtəlif mövzuları və terminləri əlavə etmək olar. Bunun sayəsində ünsiyyət daha dəqiq və təbii olacaq. Hələ fevral ayında Microsoft mühəndisləri bildirmişdilər ki, onlar ChatGPT-ni robotların və dronların idarəsi üçün optimizasiya ediblər. Çat-bot təbii nitq vasitəsilə daxil olan əmrlər vasitəsilə robototexnikanı idarə edə bilir. /technote