SPACEX: ‘YAXIN ZAMANDA SMARTFONLAR STARLİNK ŞƏBƏKƏSİNƏ BİRBAŞA QOŞULA BİLƏCƏKLƏR’

SpaceX şirkəti mobil cihazların Starlink-ə qoşulmalarını Wi-Fi şəbəkəsinə qoşulma səviyyəsində sadələşdirmək niyyətindədir. Buna görə də şirkət Starlink peyklərinin sözügedən imkanı yaradacaq müvafiq texnologiyalar ilə təchiz olunmaları üçün sorğu göndərib. Bununla yanaşı şirkət mobil cihaz istifadəçilərinin hansı üstünlükləri əldə edəcəkləri barəsində məlumat da verib. Əgər ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) SpaceX şirkətinə bu məsələ ilə bağlı lisenziyanı təqdim etsə, şirkət artıq gələn ildən başlayaraq 7500 ədəd Starlink Gen v2 peykindən ibarət qruplaşmanı yaratmağa başlayacaq.

    Bnunun nəticəsində smartfonlar heç bir xüsusi təchizat olmadan birbaşa peyk şəbəkəsinə qoşula biləcəklər. Şirkətin verdiyi məlumata əsasən bu halda istifadəçilər məlumatların yüklənməsi məsələsində saniyədə 3 Mbit sürət əldə edə biləcəklər. Nəzəri cəhətdən pik sürət göstəricisi saniyədə 7 Mbit təşkil edə bilər. Şirkət smartfonların birbaşa peyk şəbəkəsinə qoşulma mexanizmi barəsində ətraflı məlumat verməyib. Lakin çox güman ki, bu məsələdə mobil operatorların imkanlarından istifadə ediləcək. SpaceX bildirib ki, əgər hər şey plan üzrə getsə, artıq 2023-cü ildən başlayaraq T-Mobile operatorunun istifadəçiləri əvvəllər internet şəbəkəsinin olmadığı yerlərdə onu əldə edə biləcəklər./technote