Qutusu açılmamış ilk iPhone modeli 19 fevral tarixində keçirilmiş hərrac çərçivəsində 63 356$-a satılıb. Söhbət, 29 iyun 2007-ci il tarixində satışa çıxmış ilk iPhone modelindən gedir. Hərracda satılmış ilk iPhone modeli 8 GB daxili yaddaşa sahibdir. Qeyd etmək lazımdır ki, 2007-ci ildə sözügedən iPhone 599$-a satılırdı. LCG Auctions adlı hərracda satışa çıxarılmış ilk iPhone üçün qiymət təklifləri fevral ayının əvvəlindən qəbul edilməyə başlandı. Bununla belə start qiymət 2500$ təşkil edirdi. Hərracın təşkilatçıları güman edirdilər ki, smartfon nəticədə 50 000$-a satılacaq.
Hərrac təşkilatçıları ümumilikdə 27 təklif əldə ediblər. Smartfonun hərrac çərçivəsində yekun qiyməti 2007-ci ildəki satış qiymətindən 106 dəfə yüksək olub. Məlumatda qeyd edilib ki, ilk iPhone modelini hərracda satışa çıxartmış şəxs Karen Green adlı qadın olub. Bununla yanaşı məlum olub ki, ilk iPhone modelinin qutusunun belə açılmamasına görə Karen mobil şəbəkə operatorlarına minnətdar olmalıdır. Business Insider-ə müsahibəsində Karen bildirib ki, dostları ona telefon hədiyyə edən zaman onun Verizon operatorundan 3 mobil nömrəsi olub. iPhone isə yanız AT&T operatoru ilə çalışırdı. Digər operatora keçid üçün zaman və vəsait sərf etmək yerinə Karen sadəcə olaraq iPhone-nu bugünə kimi qutusunda qoruyub saxlayıb./technote