Quranda materializmin tənqidi

Quranda materializmin tənqidi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Materializm və maddənin əsas olması müasir dünyada və müasir fəlsəfədə meydana çıxmamışdır. Bir doktrina və fəlsəfi sistem kimi kökləri qədim dövrlərə gedib çıxır. Amma şübhəsiz ki, bu düşüncənin bu gün mühüm yeri var.

“Yalnız maddənin var olduğuna” inanan materialistlər varlığın bütün cəhətlərini ancaq elm vasitəsilə tanınmasına inanırlar. Bu cəhətdən, onlara görə, axirət dünyasından danışmaq mənasızdır. Amma dini ontologiya dünyanı iki qismə aşkar və qeybə ayırır. Dini düşüncə qeybdən danışdıqda maddi düşüncədən ayrılır. Çünki materialist qeyb aləminə inana bilməz.

Bu ontologiyanı Casiyə surəsinin 24-cü ayəsində görmək olar: ”     (Qiyaməti inkar edənlər) belə deyirlər: Dünya həyatımızdan başqa heç bir həyat yoxdur, ölürük və dirilirik. Bizi öldürən ancaq dəhrdir. Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar!” (Hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyildir, çünki bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır).

Allah bu ayədə materializmin əsas inancını tənqid və inkar edir və ona inananları elmsiz kimi təqdim edir. Onların inancını ancaq mənası “elm” mənasına zidd olan “zənn” adlandırır. Beləliklə, Quran “həyatın maddi dünya üzərində xülasələşməsi” inancını rədd edir.

“Ənam” surəsinin 73-cü ayəsində də buyurulur: “Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”. Allah qeybi və aşkarı bilən kimi tanınır. Burada Allahın iki elmi sahəsi bir-birindən ayrılır. Bəlkə də bu ayəni maddi ontologiyaya qarşı Quran ontologiyasının əsaslarından biri hesab etmək olar.

“Ali-İmran” surəsinin 169-cu ayəsində Allah maddi ölümü məhv olmaq saymır: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”. Bu ayədə şəhidlərin diri olduğu bildirilir. Bu, həyatın maddi ölümlə bitdiyinə inanan maddi dünyagörüşünün inkarıdır.