Alimlər dünyanın ən dərin yeri olan Marian çökəkliyinin 10 975 metr dərinliyində plastik tullantılar aşkar ediblər. Mütəxəssislərin fikirlərinə əsasən çökəklik daxilində kimyəvi çirkləndiricilər plastik materialların suda parçalanmaları nəticəsində əmələ gəlmiş ola bilərlər. Tullantılar Marian çökəkliyinə 1993-cü ildən başlamış və ümumi sayı 5010 olan eniş nəticəsində əldə edilmiş foto və videolardan təşkil edilmiş məlumatlar bazası sayəsində aşkar edilib. Məlumatlar bazasında qeydə alınmış tullantılar arasında ən geniş yayılmışı isə plastik tullantılar olub.
Plastik paketlər öz növbəsində ümumi tullantıların ən geniş mənbəyinə çevriliblər. Plastik tullantıların 89%-i bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş məhsullar olub. Buna misal olaraq plastik butulkaları və qab-qacaqları gətirmək olar. Digər tullantılar rezin, metal, taxta və parçadan təşkil olunublar. Elə tullantılar da var ki, onların hansı materiallardan təşkil olunduğu hələ təyin edilməyib. Keçən il aparılmış tədqiqat nəticəsində məlum oldu ki, Marian çökəkliyinin bəzi sahələri Çinin ən çirkli çaylarından daha çox çirklənməyə məruz qalıblar. Mütəxəssislərin fikirlərinə əsasən bunun əsas səbəbi plastik materialın suda parçalanması və dibdə yığılmasıdır.