ÖLÜMDƏN SONRAKI DÜNYA QEYRİ-MÜMKÜN DEYİL

Quran ölülərin dirilməsinin qeyri-mümkün olmadığını sübut etmək üçün çoxlu misallar vurur. Peyğəmbərin (s) dövründə bir nəfər çürümüş sümüyü əlində sıxıb toz halına gətirdi. (Qürur və təkəbbürlə) Allah Rəsuluna (s) dedi: “Bu çürümüş sümüyü kim dirildəcək?

Allah Öz Peyğəmbərinə belə buyurur: “(Ya Peyğəmbər!) De onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir” (Yasin, 78-79). Allah onu çürüyüb yox olduqdan sonra da yenidən yarada bilər.

Əgər hansısa məhsulun istehsalçısı deyirsə ki, mən öz zavodumun məhsulunu söküb yenidən qoşuram, o, qəribə söz deməyib. Çünki düzəltmək yenidən açıb-bağlamaqdan daha önəmlidir.

Məadı inkar edənlərin vəsvəsəsi iki şeydədir:

Birincisi, çürümüş bir sümüyü diriltmək mümkündürmü? “Onlar biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq? -deyirlər” (İsra, 49).

İkincisi, çürük sümükləri diriltmək olarsa, bu işi kim görəcək? “Onlar deyəcəklər, O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır? (Ya Rəsulum!) De ilk dəfə sizi yoxdan yaradan (Allah)!” (İsra, 51).

Nə üçün ölülərin parçalanmış hissələrinin birləşib dirildiyinə inanmayanlar yaradılışın özünə bu qədər şübhə ilə yanaşmırlar? İlkin yaradılış yenidən yaratmaqdan daha çətindir! Sadə bir fəhlə desə ki, küpümü sındırıb yenə həmin torpaqdan təzə küp düzəldəcəm, belə təəccüblənərlər?! Təyyarə düzəldən bir adam desə ki, mən bu təyyarəni açıb onu parçalayıb yenidən düzəldəcəm, onun sözlərinə şübhə etməliyikmi? Heç vaxt, çünki açıb-bağlama yoxdan yaratmaqdan qat-qat asandır. Çətin iş görən asan işi də görə bilər.

Quran bu məzmunda buyurur: “Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır”  (Rum, 27).

Yenə də bir canlının dağılmış və cansız hissəciklərdən yaranmasına dair daha sadə nümunələr verək:

1- İnək ot yeyir və ot zərrələrindən süd yaranır.

2- İnsan bir tikə çörək yeyir, ondan göz yaşı, qan, sümük, saç, dırnaq, ət və s. yaranır.

3- Parçaların çoxu neftdən əldə edilən sapdan hazırlanır.

4- Əriyən metal, içindəki köpükləri çölə tökər.

Necə qəbul edirsiniz ki, inəyin həzm sistemi otdan süd çıxara bilər, insan neftdən sap çıxara bilər və s., amma Allahın yeri hərəkət etdirdiyini eşidən kimi qəbul etmirsiniz?

Bir neçə sadə və qısa ayə

“Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!” (Əraf, 29).

“And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!” (Vaqiə, 62).

“Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın! O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir!” (Tariq, 5-8).

“Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!” (Qiyamət, 40).

“Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?!” (İsra, 99).

“Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?” (Məryəm, 67).

  • Möhsin Qəraəti tərəfindən yazılmış “İslamın əqidə prinsipləri (Məad)” kitabından götürülmüşdür.

İqna.ir