Marsda və digər planetlərdə oksigenin əldə edilməsi ilə bağlı yeni üsul təklif edilib

Digər planetdə oksigenin əldə edilməsi mövzusu hələ də aktual olaraq qalır. Böyük Britaniyanın Vorvik Universiteti tərəfindən aparılmış tədqiqat BKS-də (Beynəlxalq Kosmik Stansiya) olan ənənəvi oksigen generatorlarını fotoelektrokimyəvi (PEC) elementlər əsasında olan cihazla müqayisə edib. Qeyd etmək lazımdır ki, PEC sistemlər heç bir əlavə enerjidən istifadə etməyərək Günəş şüalanması vasitəsilə sudan oksigen əldə edə bilirlər. Bu cür sistemlər digər planetlərdə daha etibarlı ola bilərlər. Aparılmış tədqiqata əsasən BKS-də olan oksigen generatoru stansiyanın oksigen ilə təmin olunması üçün yaxşı variantdır. Lakin bu cür sistemlər böyük ölçüdə olurlar və nasazlıqlara meyllidirlər.

    Oksigenin əldə olunması üçün bu cür generator suyun elektroliz prosesindən istifadə edir. Bu, bir xeyli enerji sərfiyyatını tələb edən bir prosesdir. Belə ki, sözügedən proses BKS-də 1.5 kilovatt enerji sərf edir. Bu isə BKS-də həyatın dəstəklənməsi üçün nəzərdə tutulmuş sistemlərin çalışmasına sərf edilən 4.7 kilovatt enerji həcminin bir hissəsidir. Çünki elektrik cərəyanının sudan keçirilməsi üçün generatora əlavə enerji mənbəyi lazımdır. PEC sistemlərin isə ən böyük üstünlükləri ondan ibarətdir ki, onlar əlavə enerji mənbəyinə ehtiyac duymurlar. PEC sistemlər vasitəsilə oksigenin əldə edilməsi üçün həmin sistemlərdə yarımkeçirici materiallardan istifadə edilir.

Həmin yarımkeçirici materiallar isə Günəş enerjisi vasitəsilə suyu hidrogenə və qaz formalı oksigenə parçalayırlar. Bu öz növbəsində PEC sistemləri dayanıqlı energetika sahəsindəki tədqiqatçılar arasında əsl müzakirə mövzusuna çevirib. Belə ki, sözügedən texnologiya həmçinin Yer kürəsində də faydalı ola bilər. Aparılmış yeni tədqiqat çərçivəsində bu sistemlərin Mars və Ayda hansı effektivliklə çalışa biləcəkləri analiz edilib. Nəticədə alimlər belə qənaətə gəliblər ki, sistem mikroqravitasiya şəraitində insanı oksigen ilə təmin edə bilər. Lakin bununla yanaşı onlar qeyd ediblər ki, hal hazırda mövcud olan PEC texnologiyası daha effektiv və ölçü baxımından daha kompakt olmalıdır.