Körpələrə süd vermək haqqında Quranın yeddi göstərişi

Körpələrə süd vermək haqqında Quranın yeddi göstərişi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İslam ailə üzvləri arasında münasibətlərə xüsusi diqqət yetirir. Ailənin ən önəmli üzvü uşağı dünyaya gətirən, yedizdirən, tərbiyə edən anadır. Bu səbəbdən də Quran ayələrində və hədislərdə ana olmaq haqqında çoxlu tövsiyələr verilmişdir. Məsələn, Bəqərə surəsinin 233-cü ayəsində körpələrə süd vermək barədə bəhs edilir: “Analar (istər boşanmış, istərsə də boşanmamış olsunlar) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiyinizi görəndir!”.

Əvvəlcə deyir: Analar uşaqlarına tam iki il süd verirlər. Bu o deməkdir ki, anaya iki il əmizdirmək hüququ verilir və bu müddət ərzində övladına baxa biləcək şəxs odur. Baxmayaraq ki, uşaqlar üzərində qəyyumluq ataya həvalə olunur. Amma bu dövrdə körpəni qidalandırmaq ana südü və duyğuları ilə bağlı olduğundan bu hüquq anaya verilib.

Sonra əlavə edir: “Bu, körpəlik dövrünü tamamlamaq istəyənlər üçündür”. Yəni, uşağın ana südü ilə qidalanma müddəti həmişə iki il olmamalıdır, anaların körpənin vəziyyətinə və sağlamlığının qayğısına qalaraq bu müddəti azaltmaq hüququ var.

Ananın ana südü zamanı qida və paltar baxımından yaşayış xərcləri körpənin atasının öhdəsindədir ki, ana uşağı rahatlıqla əmizdirə bilsin.

Sonra deyir: “Nə ananın uşağa zərər vurmağa haqqı var, nə də atanın”. Deməli, onların mümkün ixtilaflara görə uşağın bədəninə və ruhuna zərər vurmağa və uşağın taleyini təhlükəyə atmağa haqqı yoxdur.

Sonra atanın vəfatı ilə bağlı başqa bir hökmdən danışır. Bu hökmə əsasən, uşağın atası vəfat edərsə, ondan irs aparan qohumları ananın uşağı əmizdirdiyi müddətdə ehtiyaclarını təmin etməlidirlər.

Ayənin davamında uşağın süddən saxlanması məsələsi qeyd edilmiş və qərar valideynlərin ixtiyarına verilmişdir. Valideynlər uşağın fiziki və psixi vəziyyətini nəzərə alaraq və bir-biri ilə razılaşaraq istənilən vaxt uşağı süddən ayıra bilərlər.

Bəzən ana öz uşağını əmizdirmək və ona qulluq etmək hüququndan imtina edir və ya onun üçün maneə yaranır. Bu halda ataya övladlarına qəyyumluq etmək icazəsi verilir./iqna