JAMES WEBB TELESKOPU ERKƏN KAİNATDA SÜD YOLUNA BƏNZƏYƏN SPİRAL QALAKTİKALAR AŞKAR EDİB

James Webb kosmik teleskopu alimlərin, qalaktikaların təkamüllərinə yenidən nəzər yetirmələrinə imkan verəcək yeni kəşfi edib. Belə ki, kosmik teleskop bizdən 11 milyard işıq ili uzaqlığında Süd Yolu qalaktikasına bənzəyən qalaktikalar aşkar edib. Söhbət, bara (qalaktik diskdə ulduzlardan və qazdan ibarət uzunsov struktur) sahib spiral qalaktikalardan gedir. Bu cür qalaktikalarda isə yeni ulduzların yaranması prosesi daha aktiv şəkildə baş verir. James Webb-in bu yeni kəşfinin əsas maraqlı tərəfi ondan ibarətdir ki, bara sahib spiral qalaktikalara əsasən Böyük partlayışdan uzun müddət sonra rast gəlinir. James Webb tərəfindən aşkar edilmiş qalaktikalar isə kainatın erkən dövründə mövcud olublar.

    Mövcud olan fərziyyəyə əsasən nüvədən deyil, ondan daha uzaq məsafədə başlayan qalaktik qolları olan bara sahib spiral qalaktikalarda bar strukturu qazın, qalaktikanın mərkəzinə istiqamətlənməsini təmin edən faktor rolunda çıxış edir. Bu isə öz növbəsində adi spiral qalaktikalardan fərqli olaraq daha çoxlu sayda yeni ulduzun yaranmasına gətirib çıxarır. Böyük partlayışdan uzun müddət sonra bu cür prosesi müşahidə etmək normal haldır. Lakin kainatın erkən dövrlərində bu prosesin getməsi qalaktikaların təkamüllərini əhatə edən modellərə birbaşa ziddir.

EGS-23205 adlı qalaktika. Solda Hubble, sağda isə James Webb tərəfindən çəkilmiş foto:

    Texas Universitetinin alimləri James Webb tərəfindən çəkilmiş fotolarda bara sahib 2 spiral qalaktikanı təyin ediblər. Onlardan biri EGS-23205, digəri isə EGS-24268 adlanır. EGS 23205 öz növbəsində bizdən 10.7 milyard işıq ili, EGS-24268 isə 11 milyard işıq ili uzaqlığında yerləşir. Qeyd etmək lazımdır ki, Hubble kosmik teleskopu daha öncə EGS-23205-in fotosunu çəkmişdi. Lakin Hubble tərəfindən çəkilmiş fotolarda bar strukturu görünmürdü. Yalnız James Webb tərəfindən bu qalaktikanın əldə edilmiş təkrar fotosunda onun bara sahib olduğu müəyyənləşib./technote