Bir işin ardınca gedib bu işdə müvəffəq ola bilməyən insanlar, özlərini uğursuz və məğlub hesab edərək, kainatı şər adlandırırlar. Bunu özlərinə qarşı haqsızlıq hesab edib, kin-küdurət içində yaşayırlar. Mümkündür ki, həmin insanlar başqa işlərdə təşəbbüskar və uğurlu olsunlar.
Darvinin atası həkim idi və oğlunun da həkim olmasını istəyirdi. Lakin Darvin tibb sahəsində uğur qazana bilmədi. Atası xristianlığa yaxşı bir keşiş və din xadimi olmaq üçün onu dini elmlər sahəsində təhsil almağa məcbur etdi. Lakin o, bu sahədə də uğursuzluğa düçar oldu. Darvin iki uğursuzluqdan sonra təbiət elmləri sahəsinə daxil olur. O, bu elmdə mütəxəssis olur və uğur qazanır.
Hədisdə oxuyuruq: “Bir işdə uğursuzluğa düçar olursansa, işini dəyiş, mümkündür ki, başqa bir sahədə uğur qazanasan”.
Özündə nöqsan və qüsur görən insan öz istedadlarına da fikir verməli, onları kəşf edib tanımağa çalışmalıdır.
Həzrət Əli (ə) buyurur: “Hər kamalın yanında bir nöqsan, hər bir nöqsanın yanında bir kamal vardır; Bir dəstə hündür boyludur, amma cəsarəti azdır, bəziləri çirkin görkəmli, amma yaxşı əməlli, bəzilərinin ifadəsi rəvan, amma ürəyi sərtdir”.
Buna görə də, hər kəs bütün fənlərdə uğur qazana bilməz. Uğursuz olan hər kəs bütün sahələrdə uğursuz deyil. Elə insanlar var ki, rəqabətə əsaslanan bir sahə ilə məşğul olurlar. O işə zehni hazırlığı və zövqü olmadıqları üçün uğursuzluğa düçar olurlar. Sonra Allahın ədalətinə şübhə edirlər ki, İlahi! Niyə kimsə uğur qazandı və mən uğursuz oldum? Amma ruhu və zövqü ilə uyğun gələn başqa bir sahəyə daxil olsaydı, diqqətəlayiq bir uğur qazanardı.
- Möhsin Qəraəti tərəfindən yazılmış “İslamın əqidə prinsipləri (Ədalət)” kitabından götürülmüşdür.