Picodi adlı servisin analitikləri iPhone indeksini yeniləyiblər. Qeyd etmək lazımdır ki, bu indeks Apple şirkətinin aktual flaqman smartfonunu əldə etmək üçün müxtəlif ölkələrin vətəndaşlarının neçə gün ərzində çalışmaları lazım olduğunu göstərir. Yenilənmiş iPhone indeksi siyahısına 40-dan çox ölkə daxil olub və bu siyahı Apple şirkətinin yenicə təqdim etmiş olduğu iPhone 15 Pro-nun əldə edilməsi üçün müxtəlif ölkələrin vətəndaşlarının neçə gün ərzində çalışmalı olduqlarını sərgiləyir. Təqdim edilmiş siyahıdakı sıralanma iPhone 15 Pro-nun əldə edilməsi üçün müxtəlif ölkələrin vətəndaşlarının çalışmalı olduqları günlərin sayının azalması üzrə infoqrafik formatda tərtib edilib.
Beləliklə siyahının birinci yerində qardaş ölkə Türkiyə qərarlaşıb. Statistikaya əsasən iPhone 15 Pro-nun əldə olunması üçün bu ölkənin vətəndaşları 123.7 gün ərzində çalışmalıdırlar. Eynilə Filippin Respublikası (79.5 gün) və Braziliyada da (66.6 gün) bu göstərici olduqca yüksəkdir. Siyahının ilk beşliyinə həmçinin Hindistan (55.9 gün) və Vyetnam da (55.6 gün) daxil olublar. iPhone 15 Pro-nun əldə edilməsi üçün ən az müddət ərzində çalışmalı olan vətəndaşların daxil olduqları ölkələr reytinqində birinci yeri İsveçrə tutub. Belə ki, bu ölkənin vətəndaşları Apple şirkətinin yeni smartfonunu əldə etmək üçün cəmi 4.2 gün ərzində çalışmalıdırlar. iPhone-nun vətəni olan ABŞ-da bu göstərici 5.3 gün təşkil edir. İlk beşliyə daxil olan ölkələr arasında Avstraliya (6.3 gün), Lüksemburq (6.5 gün) və Sinqapur (6.7 gün) var./technote