İNSAN ÖLDÜKDƏN SONRA YOX OLUR?

İnsanın və dünyanın gələcəyinin nə olacağını soruşmayan və ya bilmək istəməyən varmı? Ömrümüz və səyimiz harada bitir? Həyatın nəticəsi və məqsədi nədir? Bu suallar hər kəsi maraqlandırır. Bu səbəbdən hər bir insanın ağıl və fitrətində məad məfhumunun əhəmiyyətli yeri vardır.

Məad sözü “əvd” kökündən olub, “qayıdış” və “yenidən dirilmə” mənasındadır. Bu da Qiyamət günü ölümdən sonrakı həyata işarə edir. Qurani-Kərimin ayələrinin təxminən üçdə biri məad və onun ətrafındakı məsələlərdən bəhs edir. Məada inanmaq İslamın əsaslarından biridir. Buna əsasən, onların əməlləri Allah dərgahında ölçülür. Yaxşılıqlarına və ya pisliklərinə görə cəzalandırılacaq və ya mükafatlandırılacaqlar.

Yuxarıdakı suallara iki cavab veririk:

1_ Bütün ilahi dinlər dünyanın və insanın gələcəyini, onun iş və səylərinin nəticəsini gələcəkdə ifadə edəcəyimiz mülahizə ilə çox parlaq, ümidverici və ruhlandırıcı hesab edir. Quran buyurur: “Həqiqətən, axır dönüş sənin Rəbbinədir!” (Nəcm, 42).

2_ Materialist məktəblər dünyanın və insanın gələcəyini bir dalana dirənmiş, qaranlıq və fani hesab edirlər. Bu baxış çox təhlükəli və üzücüdür. Bundan əlavə, belə məktəblərin öz əqidələrini sübut etmək üçün heç bir elmi əsası yoxdur.

Qurani-Kərim bu haqda buyurur: “(Qiyaməti inkar edənlər) belə deyirlər: Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və dirilirik (biri ölür, digəri anadan olur. Biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır). Bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir. Yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! (Hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyildir, çünki bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır)” (Casiyə, 24).

Amma bu inkar və ifadələr elm və ağıl əsasında deyil. Sadəcə olaraq onların malik olduğu bir sıra yalançı illüziyalardır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış “İslamın Əqidə Prinsipləri (Məad)” kitabından götürülmüşdür.