İnsan dəyərini göstərən tərəzi – Yazı

  İnsan tərbiyəsinin prinsip və üsullarını ifadə edən kitablara müraciət etməklə biz çoxlu sayda informasiya və tərbiyə metodlarına rast gəlirik. Onların insana təsirinin dərinliyini bilmək üçün hər birini sınamaq çox əhəmiyyətlidir.
Tərbiyə üsullarından biri də insanları sınaqdan keçirməkdir. Sınaq etmək yəni, tərbiyəçinin tərbiyə alanı (şagirdi) elə fəaliyyət sahəsinə salmasıdır ki, onun dəyəri aydın olsun, onun qabiliyyətləri üzə çıxsın və səriştəsi müəyyən edilsin. Bu üsul insanı sınaqdan keçirmək adlanır. Həzrət İbrahim (ə) ilk peyğəmbərlərdən biri olaraq bu üsuldan istifadə etmişdir. Allah bu mənzərəni Quranda əks etdirmişdir.

İmtahan etmək, insanların batinlərini saflaşdırmaq və göstərmək üçün ən yaxşı yollardan biridir. Bu üsul tərbiyə üsulları arasında çox əhəmiyyətlidir. Ona görə də Allah belə, Quranda insanlara onları imtahan edəcəyi vədini vermişdir. İmtahan etməyi insanı saflaşdırmaq baxımından heç bir tərbiyə metodu ilə müqayisə etmək olmaz. İnsanlar maşın sürməyi öyrənmək üçün sürücülük qaydalarını oxumalıdırlar. Amma hər kəs təkcə bu kitabı oxumaqla sürücü olmur. Bu sahədəki problemlərini öyrənmək və tanımaq üçün maşın sürməli və özlərini çox sınamalıdırlar.

Quranda İbrahim peyğəmbərin (ə) hekayəti oğlunu sınağa çəkən ata kimi nəql olunur:

“O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (Saffat, 102).

Bu ayədə həzrətr İbrahimin (ə) bu barədə oğlunun fikrini soruşmasının səbəbinin izahı çox mühümdür. Onu iki şəkildə qeyd etmək olar: 1. Məsləhətləşmək 2. İmtahan etmək.

Aydındır ki, Allahın qəti əmr etdiyi məsələlərdə məşvərət baş vermir, ona görə də bu ehtimal rədd edilir. Amma imtahan etmək barədə təfsirlərdə oxuyuruq:

Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində bu ayənin şərhində yazır: “Burada “təra” sözü “görürsən” mənasında deyil, həqiqətdə, “rəy” kökündən olub etiqad mənasını ifadə edir… . O, oğlunu imtahana çəkdi ki, görsün, nə cavab verir?”

“İsna Əşərə” təfsirində oxuyuruq: “Elə isə bu işdə gördükləriniz haqqında fikirləşin. Bu sözlər nəsihət üçün deyil, İsmayılın bu böyük imtahanda səbirli və əzmkar olacağını, yoxsa taqətsizlik göstərəcəyini öyrənmək üçündür?

Bu imtahanda İsmayıl (ə) başıuca çıxır. Allaha təslim olur və Onun əmrinə tabe olur./iqna