Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov bu ilin sonunda keçiriləcək şeyx seçkilərində iştirak etməyəcək. O, bu barədə 1 noyabr tarixində Tbilisidə keçirlən Qurani-Kərim mövzusunda konfransın sonunda iştirakçılara bildirib.
İgidov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu il sonunda onun səlahiyyət müddəti başa çatır və növbəti dəfə seçkilərdə iştirak etməyəcək.
“Gürcüstan Müsəlmanları İdarəsinin nizamnaməsinə əsasən yeni şeyx seçkisi olacaq. Şeyxi savadlı ruhanilərdən ibarət Ali Dini Şuranın üzvləri seçəcək. Mən isə bu seçkidə namizəd olaraq iştirak etməyəcəm. Bu müddət ərzində üzərimdə bir vəzifə deyil, ağır bir məsuliyyət olduğunu düşünmüşəm. Ona görə də onun öhdəsindən layiqincə gəlməyə çalışdım və xidmət göstərdim. Bundan sonra da Allahın dini yolunda xidmət göstərməkdə davam edəcəyəm. Bu yolda yorulmağa haqqımız yoxdur. Ümid edirəm ki, yeni seçiləcək şeyx daha da gözəl şəkildə ölkəmizdə dinimizə və xalqımıza xidmət edəcək. Bu müddət ərzində dinimizin təbliğində bizə dəstək olanlara minnətdarlığmı bildirirəm”.
İgidov növbəti dəfə nəyə görə namizəd verməyəcəyinin səbəbini belə açıqladı.
“Mən hər zaman ruhanilərə bildirmişdim ki, bir insanın məsuliyyətdə iki seçimdən artıq qalmasını müsbət hal hesab etmirəm. Düşünürəm ki, yeni şəxsin məsuliyyətə gəlməsi inkişafa səbəb olar. Bir də onu da qeyd edim ki, doğrudan da bu illər ərzində çox ağır və məsuliyyətli bir işi düzgün yerinə yetirməyə çalışdım. Təbii ki, çətinliklər də oldu, problemlər də. Allah qəbul etsin inşallah. Yaxında Şura üzvlüyündə olan ruhani qardaşlarımızdan biri bu məsuliyyəti davam etdirəsi olacaq. İndidən ona uğurlar diləyirəm. Onu da qeyd edim ki, şeyx olmamaq ruhanilikdən çıxmaq, din xadimi olmamaq anlamına gəlmir. Mən 12 yaşımdan dinə gəlmişəm, Azərbaycanda dini təhsili bitirib ölkəmizə qayıtdığım gündən artıq 23 ildir ki, fəaliyyət göstərirəm və bundan sonra da bu yolda əlimdən gələn qədər Allah ömür verdiyi müddətdə xidmət edəcəm”, – Ramin İgidov “Marneuli” radiosuna müsahibəsi zamanı bildirdi.
Qeyd edək ki, Ramin Rəşid oğlu İgidov 2013-cü ilin dekabr ayından Gürcüstan Müsəlmanları İdarəsinin şeyx vəzifəsini icra edir. O, 1980-ci ildə Qardabani şəhərində anadan olub və Azərbaycanda Dini təhsil alıb. İgidov Azərbaycanda təhsilini bitirdikdən sonra 2000-ci ildən Tbilisidə dini təlim və təbliğ işləri ilə məşğul olub. Gürcüstanda fəaliyyət göstərən İmam Əli adına mədrəsənin müdiri vəzifəsində çalışıb. Tiblisdə nəşr olunan İman qəzetinin və bir çox nəşrlərin redaktoru olub. R. İgidov bir neçə kitabın müəllifi və tərcüməçisidir.