GÜRCÜSTANLI RUHANİLƏR YARADANIN TƏHQİROLUNMASI MƏSƏLƏSİNƏ MÜNASİBƏT BİLDİRİB

GÜRCÜSTANLI RUHANİLƏR YARADANIN TƏHQİROLUNMASI MƏSƏLƏSİNƏ MÜNASİBƏT BİLDİRİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bağışlayan və mehriban Allahın adı ilə

هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ

“O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidi” (22 ,Həşr)

Son günlər qonşu və qardaş ölkə Azərbaycanda bəzi hüquq mühafizə əməkdaşları tərəfindən Allah-taalaya qarşı nalayiq sözlərin söylənməsi  ilə bağlı məlumatlar bizim cəmiyyətdə də geniş müzakirələrə səbəb olub. Biz Gürcüstan Ruhanilər Heyəti olaraq bununla bağlı bir neçə məqamı nəzərinizə çatdıraraq öz münasibətimizi bildirməyi lazım bilirik:

İlk növbədə qeyd edək ki, insan həyatında elə dəyərlər var ki, onlar heç bir ölkə və sərəhədlərlə məhdudlaşmır. Necə ki, dünyada bunların çox şahidi oluruq. Misal olaraq təməl insan haqları pozularsa ölkəsindən asılı olmayaraq fərqli ölkələrin vətəndaşları buna etirazını bildirirlər. Dünyanın bir ölkəsində Allahın kitabına hörmətsizlik olduğu halda digər coğrafiyada yaşayan həmin dinin mənsublarının sərt qınamaların şahidi oluruq.  Belə hallarda etiraz, tənqid və tələblər normal hal hesab olunur. Çünki, inanclı insanlara canları qədər əziz olan dəyərlər və müqəddəslər qırmızı xəttlər təşkil edir. Əgər bu xəttlər kimlərin tərəfindənsə aşılarsa ölkəsindən asılı olmayaraq həmin dinə mənsub ümmət üzvlərinin ona qarşı haqlı olaraq etiraz və tənqidetmə hüququ yaranır.

İkincisi əgər bir məmur tərəfindən belə bir addım doğrudan da atılıbsa bu addım ilk növbədə İslam dininə mənsub Azərbaycan dövlətinin və Allahsevər Azərbaycan xalqının mövqeyinə və adətinə tam zidd bir hərəkət kimi qiymətləndiririk. Buna görə də əgər belə xoşagəlməz hal baş veribsə bunu heç bir halda normal qarşılamaq, üstündən keçmək olmaz. Ən düzgün yolu budur ki, məsələ araşdırılmalı, sübuta yetirilməli, hadisənin bir daha təkrarlanmaması üçün bunu edən şəxs və ya şəxslər haqqında ciddi tədbir görülməli, barələrində ölçü götürülməlidir.

Üçüncüsü isə bu məsələyə mövqe bildirənləri ləkələmək, etiraz edənlərin hər birini sifariş icraçısı kimi qələmə vermək, haqlı etirazı qeyri normal hərəkət kimi dəyərləndirmək və ya Azərbaycan dövlətinə qarşı bir addım olaraq qəbul etmək yanlışdır. Çünki sadə bir məmur dövlətin mövqeyini ifadə etmədiyindən onun səhvi də ölkənin imicinə xələl gətirə bilməz. Həmçinin məlum məsələdən siyasi məqsədlər üçün istifadə etmək də yol verilməzdi.

Son olaraq qeyd edirik ki, Yaradana qarşı təhqiredici hərəkət varsa, bunun həlli həmin şəxs və ya şəxsləri müəyyən edib məsuliyyətə cəlb etmək və bununla da cəmiyyətin inancına və buna görə etiraz məqsədi ilə aclıq aksiyası edənlərin istəyinə hörmət nümayiş etdirməyi  daha düzgün addım hesab edirik. Ümid edirik ki, Azərbaycan Respublikasının aidiyyatı qurum və səlahiyyətli şəxsləri tezliklə bu sahədə hərəkətə keçəcək, ictimaiyyətdəki narazılığa son qoyacaqdır.

Allah ölkələrimizi və qardaş xalqlarımızı qorusun! Amin!

Gürcüstan Ruhanilər Heyətinin üzvləri