GÜRCÜSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ YENİ GÖMRÜK MƏNTƏQƏSİ AÇILACAQ

Asiya İnkişafı Bankı (AİB) Gürcüstana Gürcüstan-Azərbaycan sərhədində yeni gömrük postunun inşasında yardım edəcək.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.

Yeni gömrük-buraxılışı məntəqəsinin (GBM) inşası məsələsi MN GX başçısının müavini Vladimir Xundadze ilə AİB-in beynəlxalq eksperti Radomir Djuriçlə görüşdə müzakirə edilib.

Tərəflər birgə məntəqənin inşası ilə bağlı texniki məsələləri, həmçinin gələcəklə bağlı planları müzakirə ediblər.

Görüş çərçivəsində sözügedən məntəqənin konsepsiyasını hazırlayan AİB mütəxəssisi iştirakçılara obyekt barədə hazırlanan prezentasiyanı təqdim edib.

Görüş qurumlararası işçi qrupların (DİN patrul polisi, sərhəd polisi departamentlərinin, İqtisadiyyat Nazirliyinin, Yerüstü Nəqliyyat Agentliyinin, Avtomobil Yolları Departamentinin nümayəndələrinin), Gömrük Departamentinin rəhbəri Zurab Siçinava və beynəlxalq əlaqələr üzrə departamentin başçısı Samson Uridia, həmçinin müxtəlif departamentlərin təmsilçilərinin iştirakı ilə baş tutub.

GX başçısının müavini prosesdə iştiraka görə iştirakçılara təşəkkür edib və bu mühüm layihənin qısa zamanda həyata keçiriləcəyinə ümidini ifadə edib.

Hazırda Gürcüstan-Azərbaycan sərhədində 6 nəzarət-keçid məntəqəsi fəaliyyət göstərir, onlardan biri dəmiryolu keçididir./az.shafaqna