Verilmiş məlumata əsasən Çində naqilsiz şəbəkə üzərindən 1 THz tezlikdə uğurla məlumatların ötürülməsi reallaşdırılıb. Çox güman ki, söhbət, gələcəkdə istifadəyə veriləcək 6G şəbəkəsindən gedir. Məlumatda qeyd edilib ki, 6G öz sürəti ilə istifadəçiləri heyrətləndirəcək. Məlumata əsasən aparılmış test çərçivəsində məlumatların ötürülməsi sürəti saniyədə 100 Gbit təşkil edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan 5G şəbəkə zolaqları məlumatların saniyədə 100-500 Mbit sürətlə ötürülməsini təmin edirlər. Praktiki olaraq isə bu göstərici saniyədə 450-500 Mbit sürətə çatır.
Onu da əlavə etmək lazımdır ki, THz-lik tezliklərin istifadəsi bəzi problemlərlə müşayiət edilir. İlk növbədə bu cür siqnal məhdud diapazona sahibdir. Duman ilə buludlar isə bu cür siqnalda əlavə kəsintilərə səbəb olurlar. Digər tərəfdən bu cür şəbəkə kanalı məlumatların demək olar fiberoptik sürətlə ötürülməsini təmin edir. Məlumatda qeyd edilib ki, 1 THz-ə kimi olan diapazondakı tezliklər 6G-nin istifadəyə verilməsi üçün çox vacibdirlər. Çünki bu cür tezliklər məlumatların daha yüksək sürətlə ötürülməsini təmin edirlər. Mütəxəssislərin fikirlərinə əsasən perspektivdə 6G şəbəkəsinin sürəti saniyədə 1 Tbit-ə çata bilər. 6G-nin 2030-cu ildən tez istifadəyə verilməsi gözlənilmir./technote