Birləşmiş Millətlər Təşkilatı (BMT) Qərbi və Mərkəzi Afrikada 48 milyon insanın qarşıdakı aylarda ərzaq çatışmazlığı ilə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
BMT-nin humanitar təşkilatlarından verilən məlumatda təhlükəsizlik problemləri, yüksək temperatur, yağışlar və Covid-19 pandemiyası səbəbindən ərzaq qiymətlərinin yüksək həddə çatdığı bildirilib.
Məlumatda Ukraynadakı müharibənin dünyanın yoxsul bölgələrində ərzaq və gübrə qıtlığına səbəb olduğu bildirilib.
“BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP), Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Uşaq Fondunun (UNICEF) təqdim etdiyi regional ərzaq təhlükəsizliyi təhlilinə əsasən, təhlükəsiz qidaya müntəzəm çıxışı olmayan insanların sayının iyun-avqust aylarında 48 milyona çatacağı təxmin edilir”,-deyə məlumatda vurğulanıb.
Məlumatda həmçinin qeyd olunub ki, Mali və Burkina Faso kimi ölkələrdə yaşanan təhlükəsizlik problemləri Sahel bölgəsinə ciddi şəkildə təsir edir. Məlumatda bu vəziyyətin 2,5 milyon insanın yurd-yuvalarından didərgin düşməsinə və minlərlə insanın ölümünə səbəb olacağı bildirilir.
BMT-nin yardım təşkilatları qeyd edib ki, yaxın gələcəkdə Sahel bölgəsindəki 45 min insanın aclıqla üzləşəcəyi proqnozlaşdırılır.
BMT-nin Ümumdünya Ərzaq Proqramının Fövqəladə Hallara Hazırlıq üzrə məsləhətçisi Aleksandr Lecuziat Dakarda digər yardım təşkilatları ilə təşkil etdiyi birgə mətbuat konfransında təhlükəsizlik problemi səbəbindən bəzi bölgələrə edilən ərzaq tədarükünün tamamilə dayandırıldığını bildirib.
Aleksandr Lecuziat humanitar yardıma möhtac olan bölgələrə icarəyə götürülən helikopterlər vasitəsilə yardımın daşındığını və bunun da mövcud vəsaiti azaltdığını qeyd edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Qərbi Afrika regionu üzrə koordinatoru Robert Quei ərzaq problemini həll etmək üçün bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib./shafaqna