Avropanın şimal-qərb hissəsində “Ciaran” qasırğası 6 nəfərin həyatına son qoyub

Ciaran” qasırğası Avropanın şimal-qərb hissəsində tüğyan edir. Avropada təbii fəlakət nəticəsində 6 nəfər ölüb. Məlumatı “Reuters” yayıb.

Fransada iki nəfər ölüb. Fransa daxili işlər nazirinin sözlərinə görə, yeddi yanğınsöndürən-xilasedici də daxil olmaqla 15 nəfər yaralanıb. Fransada 1300-ə yaxın insan təxliyə edilib. İspaniyanın paytaxtı Madriddə bir nəfər, Niderlandın cənubunda isə bir nəfər ölüb.

Belçikanın Qent şəhərində baş verən təbii fəlakət nəticəsində biri beş yaşlı uşaq olmaqla iki nəfər ölüb.

Qasırğa səbəbindən təbii fəlakət zonasında məktəblər bağlanıb, dəmir yolu hərəkəti dayandırılıb, aviareyslər təxirə salınıb. Fransada 1,2 milyon abonent işıqsız qalıb.

Şimali İrlandiyada qasırğa səbəbindən güclü külək və daşqınlar yaşanır. Qasırğa Britaniyanın Kanal adalarında problemlər yaradıb, güclü külək bir neçə evə ziyan vurub. Niderland Hava Yolları pis hava şəraiti səbəbindən yüzlərlə reysi təxirə salıb, Amsterdamdan Parisə dəmir yolu reysləri də ləğv edilib. İspaniyada onlarla reys təxirə salınıb./1tv