Avropa Parlamenti AI Act adlı qanunu qəbul edib. Bu qanun süni zəka sistemlərinin tərtibatçıları üçün müəyyən qaydaları və tələbləri təyin edir. AI Act Avropada süni zəkanın istifadəsini təhlükəsiz, şəffaf, ekoloji və etik etməyə hədəflənib. Bu qanunun qaydaları süni zəka tərəfindən ola biləcək istənilən riskin səviyyəsindən asılı olaraq tərtibatçılar və istifadəçilər üçün öhdəliklər təyin edir.
İstifadəçilərin təhlükəsizlikləri üçün yüksək risk səviyyəsinə sahib süni zəka sistemləri qadağan ediləcək. Bu cür sistemlərə misal olaraq şüuraltı və ya məqsədyönlü manipulyasiya üsullarından və insanların zəifliklərindən istifadə edən, o cümlədən sosial qiymətləndirmənin aparılmasında istifadə edilən sistemləri gətirmək olar. Avropa Parlamenti həmçinin süni zəkanın tətbiqi qadağan edilmiş sahələrin siyahısını da təqdim edib. Həmin siyahı belədir.
– Real zaman ərzində ictimai yerlər də daxil olmaqla insanların uzaqdan biometrik identifikasiyaları. Bu məsələdə hüquq-mühafizə orqanları istisna ola bilərlər. Lakin bu halda texnologiyadan istifadə icazəsi üçün ilk növbədə məhkəmə qərarı lazım olacaq
– Həssas göstəricilərin (insanın cinsi, irqi, etnik mənsubiyyəti, vətəndaşlığı, dini inancı, siyasi baxışları və s.) istifadəsi ilə insanların biometrik kateqoriyalara ayrılması
– Proqnozlaşdırma xarakterli polis sistemləri
– Hüquq-mühafizə orqanlarında, sərhəd xidmətlərində, iş yerlərində və təhsil müəssisələrində insanların emosiyalarının təyin edilməsi
– İnsanların üz identifikasiyası üzrə məlumatlar bazasının yaradılması üçün sosial şəbəkələrdən və video müşahidə kameralarından biometrik məlumatların fərq qoymadan əldə edilməsi.
Qanun bu siyahı vasitəsilə yüksək riskə sahib süni zəka sistemlərini təyin edir. Söhbət, insanlara və ətraf mühitə zərər yetirə biləcək sistemlərdən gedir. Bura həmçinin siyasi kampaniyalarda seçicilərə təsirin göstərilməsində istifadə edilən süni zəka sistemləri və sosial şəbəkələrin məsləhət xarakterli alqoritmləri də daxildirlər. Yüksək riskə sahib süni zəka sistemlərinin tərtibatçıları bu qanuna əsasən öz məhsullarının risklərinin qiymətləndirməli və bir qayda olaraq onları Avropanın süni zəka üzrə məlumatlar bazasında qeydiyyatdan keçirtməlidirlər.
Tərtibatçılar həmçinin süni zəka sistemlərinin təlimatlandırılmasında istifadə edilən məlumatların yüksək keyfiyyətlərini və həmin sistemlərin şəffaflıqlarını təmin etməlidirlər. Çat-botlar kimi aşağı riskə sahib süni zəka sistemlərinin tərtibatçıları istifadəçiləri xəbərdar etməlidirlər ki, onlar real insan ilə deyil, süni zəka əsaslı sistem ilə ünsiyyətdədirlər. Generativ süni zəka sistemlərinə olan əlavə tələb isə ondan ibarətdir ki, həmin sistemlər istifadəçiləri bu və ya digər kontentin süni zəka tərəfindən tərtib olunduğunu söyləməlidirlər./technote