Allah da yaranıb?
Keçmiş zamanlardan bəri öz aktuallığını itirməyən suallardan biri də budur ki, əgər
Allah bütün varlıqları yaradıbsa, bəs Allahı kim yaradıb?
Bu suala cavab verməzdən öncə, bir məsələni də diqqətinizə çatdırım ki, bu sual ancaq teistlərə aid deyildir əksinə, materialistlər də bu sualı cavablandırmalıdır.
Materialistlər iddia edirlər ki, bütün varlıqlar maddənin nəticəsidir.
Maddənin isə, əvvəli olmadığı üçün, onun olmadığı bir zaman yoxdur. Burada isə
belə bir sual ortaya çıxır ki, bu maddənin səbəbi nədir? Gördüyünüz kimi bu sual
təkcə teistlərə aid deyil, materialistlərə də aid olur. Beləliklə səbəblərin sonsuza
qədər davam edə bilməyəcəyini nəzərə alaraq nəticə alırıq ki, istər materialist
istərsə də teist filosofları, dünyanın əzəli bir varlığına inanc bəsləyirlər. Buna görə
də, materialistlər iddia edirlər ki, aləmin əzəli mənşəyi elə həmin o, maddə, teistlər
isə həmin o maddəni Allah olaraq qəbul edirlər. Beləliklə nəticə alırıq ki, sonsuz və
əzəli başlanğıcın mövcudluğunu hamı qəbul edir.
Bəs görəsən materialist və teist arasında olan ziddiyət haradadır ?
İxtilafın səbəbini göstərmək istəsək bir başa deyə bilərik ki, əsas problem
buradadır. Teistlər varlığın başlanğıcını – iradəli, elmli, qüdrətli və həmçinin
hikmətli hesab edərək, onu Allah adlandırır, ancaq materialistlər ilkin səbəbi elmsiz, iradəsiz, və eləcə də qüdrətsiz bilərək, onu maddə hesab edirlər.
Kəlamçılar Allahın varlığını isbat etmək üçün, səbəb nəticə qanunu yetərli hesab
etməmişlər. Ona görə ki, bu sübut bizi ancaq ilkin bir səbəbə istiqamətləndirir.
Elə bu məsələni materialistlər də inkar etmirlər. İlahi fəlsəfənin ən əsas
məsələlərindən biri, səbəblər səbəbini isbat etdikdən sonra, ilkin səbəbin elmini isbat etməkdir. Nizamlı aləmi müşahidə etməklə varlıq aləminin əsrarəngiz
sirrlərini öyrənmək yolu ilə Allahın sonsuz elmini isbat edən teistlər üçün bu çox
asan bir işdir. İndi isə gəlin əsas sualın özünə qayıdaq.
Allahı kim yaradıb ?
Bu suala cavab verməzdən öncə başqa bir neçə suala nəzər salaq.
Ona görə ki, əsas cavabı idrak etmək üçün bu suallar zehnimizi hazırlayır.
Hər bir şeyin rütubətliyi sudandırmı və yoxsa su kimi olanlardan ?
Suyun nəmişliyi haradandır ?
Bütün qida maddələrinin yağlılığı yağdandır bəs görəsən yağın yağlılığı
nədəndir?
Hər şeyin duzluluğu duzdandır bəs görəsən duzun duzluluğu nədəndir ?
Cavab veririk – Suyun nəmliyi, yağın yağlığı, duzun duzluğu, başqa şeylərdən
alınmayıbdır əksinə, bu onların təbii xüsusuiyyətləridir.
Su təbiətinə görə nəmdir, duz zati olaraq şordur, yağ zati olaraq yağdır. Buna görə
də sual olunsa ki, dünyanın bütün sahələrinin nəmişliyi haradandır, gecikmədən deməy olar ki, suyun nəmliyi onun zatının hissəsidir. Habelə, sual etsələr ki, hər bir şeyin varlığı Allahdandır, bəs Allahın varlığı kimdəndir ? Cavab olaraq deyəcəyik ki, Allahın varlığı onun zatıdır, və özündəndir. Başqasından deyildir. Və buna misal olaraq ixlas surəsini göstərmək olar:
Bismillahir rəhmanir rəhim
1. ( Ya Peyğmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklər ) de:
( Mənim Rəbbim olan ) O, Allah birdir ( heç bir şəriki yoxdur )
2. Allah ( heç kəsə, heçnəyə ) möhtac deyildir ! ( Hamı ona möhtacdır; O, əzəlidir,
əbədidir )
3. O, nə doğmuş, nə də doğulmuşdur! ( Allah özünə heç bir övlad götürməmişdir ! )
4. Onun heç bir tayı bərabəri ( bənzəri ) də yoxdur!.
Ancaq bunu da qeyd edək ki, yağın yağlılığının onun zatı olması, yaxud suyun
nəmliyinin su olduğuna görə, duzun duzluluğunun duz olmasına görə, zatı
olmasından məqsəd bu demək deyil ki onların Yaradana ehtiyacı yoxdur. Əksinə
əsas məqsəd, Allahın o şeyləri zatı olaraq yaratdığını diqqət önünə çəkməkdir.
Beləliklə, nəmliyi sudan ayırmaqla suyun suluğunu heç bir zaman qorumaq olmaz.
Eləcə də, şorluğu duzdan ayıraraq duzun şorluluğunu, heç bir zaman ondan
qorumaq mümkün deyildir. Məlumdur ki, bu misalların hər biri mövzunun zehində
daha yaxşı və aydın olması üçün çəkilmişdir. Həqiqətdə isə, bu misalların bəhs etdiyimiz mövzu ilə çox böyük bir fərqi var. Çünki, hər varlığın vücudu Allahdan, Allahın varlığı isə zatındandır dediyimiz zaman, Allah heç də başqasının yaratdığı anlamında deyildir. Əksinə, var olmaq Allahın zatıdır – deyirik.
Ancaq hər şeyin nəmliyi sudan, suyun nəmliyi isə onun zatındandır dediyimiz
zaman, heç də mənası bu deyil ki, suyun Yaradanı yoxdur. Əksinə varlıq aləminin
Xaliqi suyun nəmliyini onun zatının bir hissəsi olaraq yaratmışdır.
Yazar: Afiq Əliyev
Mənbələr:
1. Cəfər Sübhani Əl-ilahiyyat” (cild 1, səh 144-146)
2. Ayətullah Hacı Şeyx Rza Ustadi – “Əqidə üsulları”
Hak dini kuran dili, 9/ 6272 Fahruddin Ər-Razi, Təfsir-i Kəbir Məfatihul
Qayb, Akçağ yayınları:23/554- 555 Süyuti, Lübabun, Nukul, 11, 199 – 211;
Alusi, XXX, 270 – 271