“Baby Yingliang” adını əldə etmiş embrion Çinin cənubunda Üst Təbaşir dövrünə aid çöküntülərdə tapılıb. Tapılmış embrion dişsiz oviraptozavra aiddir. Çox yaxşı vəziyyətdə qorunub saxlanmış dinozavr embrionunun 66-72 milyon il yaşı var. Sözügedən embrion müasir quşların davranışları və təkamülləri barəsində yeni məlumatlar mənbəyi hesab edilir. Daşlaşmış yumurta 2000-ci ildə Yingliang Group adlı dağ-mədən şirkətinin direktoru tərəfindən alınmışdı və daha sonra alimlərə təhvil verilmişdi. Yumurtanı açandan sonra alimlər çox yaşı vəziyyətdə qalmış oviraptozavr embrionunu aşkar ediblər.
Yumurtanın uzunluğu 17 sm, onun daxilində qıvrılmış şəkildə qalmış dinozavr embrionunun uzunluğu isə 27 sm təşkil edir. Sözügedən dinozavr embrionunun araşdırılması ilə britaniyalı və çinli alimlər məşğul olurlar. Yumurtanın daxilindəki oviraptozavrın yerləşmə pozası müasir quşların embrionlarının yumurtaları daxilindəki yerləşmə pozalarına bənzəyir. Bu isə onların mərkəzi sinir sistemlərinin oxşar olduqlarına işarə edir. Bədənin bu cür şəkildə yerləşməsi öz növbəsində yumurtadan uğurla çıxmağa imkan verir. Qeyd etmək lazımdır ki, yumurta daxilində embrionun bu cür yerləşməsi əsasən quşlara xas olan özəllikdir.