Alimlərdən ibarət beynəlxalq qrup iddia edir ki, onlar astrofizika sahəsinin ən qəliz tapmacalarından birinin cavabını tapıblar. Belə ki, alimlər əmindirlər ki, onlar qara dəliklərdə kainatın genişlənməsinə səbəb olan vakuum enerjisini aşkar ediblər. Kainatın genişlənməsi faktı alimlərə keçən əsrin 20-ci illərindən məlumdur. Lakin bir neçə 10 illik ərzində hesab edilirdi ki, bu proses qravitasiya gücünün təsiri hesabına ləngiməlidir. 90-cı illərdə astronomlar Hubble teleskopu vasitəsilə aşkar etdilər ki, bunun tamam əksi baş verir. Kosmik obyekt nə qədər uzaqdırsa, bizdən daha sürətlə uzaqlaşır. Burdan da belə qənaətə gəlmək olar ki, kainatın genişlənməsi ləngimək əvəzinə daha da sürətlənir. Buna görə də həmin illərdə kosmik modellərə qaranlıq enerji anlayışı əlavə edildi. Hesab edilir ki, kosmik obyektlərin bir-birilərindən uzaqlaşmalarına təkan verən faktor məhz qaranlıq enerjidir. Alimlər indiyənə kimi bu enerjinin izlərini hər yerdə axtarırlar. Aparılmış yeni tədqiqat çərçivəsində isə məlum olub ki, qaranlıq enerji qara dəliklərin daxili hissələrində ola bilər. Gözlənilənin əksinə vakuum heç də boş deyil.
Təsadüfi fluktuasiyalardan (hər hansısa kəmiyyətin istənilən təsadüfi dəyişkənliyi) vakuum enerjisi əmələ gəlir və bu enerji qravitasiya gücünə qarşı çalışa və kainatın genişlənməsi proseslərinə təsir göstərə bilər.
Bəzi kosmik modellərdə güman edilir ki, vakuum enerjisi qara dəliklərdə aşkar edilə bilər. Alimlər iddia edirlər ki, aparılmış yeni tədqiqat zamanı bu fakt müşahidələr vasitəsilə təsdiqlənib. Bu tezisi əsaslandırmaq üçün alimlər son 9 milyard il ərzində qalaktikaların mərkəzlərindəki supetkütləli qara dəliklərin təkamüllərini analiz ediblər. Superkütləli qara dəliklər öz kütlələrini tozun, qazın, ulduzların və digər qara dəliklərin udulması hesabına artırırlar. Lakin qazın və tozun artıq mövcud olmadığı nəhəng elliptik qalaktikalarda superkütləli qara dəliklər öz kütlələrinin artırılması prosesini dayandırmalı idilər. Uzaq və yaxın məsafədə yerləşən elliptik qalaktikaların bir-biriləri ilə müqayisələri onu göstərib ki, onların mərkəzlərində olan superkütləli qara dəliklər hələ də öz kütlələrini hansısa digər mexanizm vasitəsilə artırmağa davam edirlər.
Əgər bu mexanizm vakuum enerjisidirsə, deməli həmin qara dəliklər öz kütlələrini artırmaqla kainatın genişlənməsinə səbəb olurlar.
Alimlər qeyd ediblər ki, onların təqdim etmiş olduqları yeni kosmik model digərlərindən yüksək dəqiqliklə fərqlənir. O, mövcud olan modellərə yeni elementlərin əlavə edilməsini tələb etmir və qara dəliklər ilə bağlı olan suallara aydınlıq gətirir. Bundan əlavə olaraq müasir kosmik modellərə əsasən qara dəliklər sinqulyarlığa sahibdirlər. Söhbət, bizə məlum olan fizika qanunlarının pozulduğu nöqtədən gedir. Buna görə də qara dəliklərin təsvir olunmalarında mütəxəssislər hansısa digər üsullardan istifadə edirlər və ya mövcud kosmik modellərin əskik olduqlarını söyləyirlər. Lakin əgər qara dəliklər həqiqətən də vakuum enerjisinə sahibdirlərsə, deməli artıq sinqulyarlıq anlayışından istifadə etməmək olar. Bu isə öz növbəsində dünyanın elmi təsvirinin formalaşdırılmasında əsl inqilabi hadisə ola bilər. Lakin alimlər tərəfindən təqdim edilmiş yeni kosmik modelin təsdiqlənməsi üçün növbəti tədqiqatlar və araşdırmalar aparılmalıdır./technote