Münhen Texniki Universitetinin alimləri CO2 qazının daha bir təkrar emal üsulunu fikirləşiblər. Belə ki, alimlər CO2 qazından qida zülalının yaradılmasını təklif ediblər. Alimlərin fikirlərinə əsasən bu üsul ilə insanları qida məhsulları ilə təmin etmək mümkün olacaq. Kənd təsərrüfatı heyvanlarının yemlərində və eləcə də insanların qidalarında istifadə edilən süni zülalın istehsalı üçün bəzi amin turşularına ehtiyac duyulur. Alman alimlər L-alanin adlı amin turşusunun sintezi üçün nəzərdə tutulmuş biokimyəvi reaksiyanı fikirləşiblər. Onlar həmçinin digər amin turşularının sintezləri üçün nəzərdə tutulmuş kimyəvi reaksiyaları da formalaşdırmağı hədəfləyiblər.
Nəticədə alimlər CO2 qazı vasitəsilə zülalları sintez edə biləcəklər. L-alanin adlı amin turşusunun sintezi üçün olan biokimyəvi reaksiyanın əsasında metanol dayanır. Lakin söhbət, adi metanoldan getmir. Bu cür biokimyəvi reaksiyada bərpa edilən enerji mənbələri vasitəsilə CO2-dən əldə edilmiş “yaşıl” metanol istifadə edilir. Proses çərçivəsində metanol sadəcə aralıq məhsul kimi istifadə edilir. Belə ki, CO2 qazından birbaşa amin turşusunu sintez etmək mümkün deyil. CO2-dən metanolun əldə edilməsindən sonra alimlər sintetik fermentlərdən istifadə edərək metanol vasitəsilə bir neçə kimyəvi reaksiyanı işə salırlar.