“ƏDALƏT” SÖZÜNÜN MƏNASI NƏDİR?

“Ədl” sözü ədalətsizliyin ziddi olub “hər şeyi öz yerinə qoymaq” və ya “hər şeyi düzgün etmək” mənasındadır. Necə ki, Həzrət Əli (ə) buyurur: “Ədalət hər şeyi öz yerində qərar verməkdir”.

Allah ədalətlidir dedikdə, yaradılış sistemində hər şeyi xüsusi və uyğun bir çərçivə və nizamla yaratdığını bildirir. Peyğəmbər (s) buyurdu: “Göylər və yer ədalətlə dayanır. Qanunvericilik aləmində Allahın bütün qanunları ədalətli və münasibdir. Həmçinin yaradılışın məqsədinə uyğundur və O, bunlarda heç bir ayrı-seçkilik, fərq və uyğunsuzluq qoymamışdır. Necə ki, deyilmişdir: “Allah bəndələrinə zülm etməkdən uzaqdır və məxluqlarına qarşı ədalətli davranır və onlara ədalətlə hökm edir.

Deməli, ilahi ədalətin nəticəsi budur ki, Allah hər bir insana istedadına görə vəzifə verir. “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)” (Bəqərə, 286). Sonra insanın istedadına və səyinə əsasən, onun barəsində hökm verir. “Allah onların arasında ədalətlə hökm verər və onlara haqsızlıq edilməz” (Yunis, 47). Nəhayət, onu davranış və hərəkətlərinə görə mükafatlandırır və ya cəzalandırır. “Bu gün heç kəsə haqsızlıq edilməz, ancaq etdiyiniz əməllərə görə sizə mükafat veriləcəkdir” (Yasin, 54).

  • Möhsin Qəraəti tərəfindən yazılmış “İslamın əqidə prinsipləri (Ədalət)” kitabından götürülmüşdür.

İqna.ir