YETİMLƏR ATASI ƏLİ (Ə) VƏ ONUN YOLUNU GETMƏK

YETİMLƏR ATASI ƏLİ (Ə) VƏ ONUN YOLUNU GETMƏK

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Uca Allaha hər zaman ibadət və itaət etdiyinə görə layiqli Bəndə, İslam Ümmətinin işlərini idarə etdiyi üçün Xəlifə-rəhbər, İslam uğruna döyüşlərdə düşmənə qənim kəsilən şücaətli Qəhrəman. Susuz səhralarda yaşayan insanların su tələbatını ödəmək üçün xeyirxah Zəhmətkeş, valideynlərini itirən uşaqlara qucaq açıb sahib çıxdığından Yetimlər atası olan Hz. İmam Əli (ə).
Həzrət – Yetimlər Atası İmam Əli (ə) – ismi hansı səmtdən baxsan insanlığa örnək tarixi şəxsiyyətin imzasıdı İmam Əli (ə). Gördüyü, haqqında kiçicik bir məlumat duyan kimi yetimlərə sahib çıxıb, yardım etdiyi üçün ümumbəşəri dəyərlərin ən ali ünvanını qazanan Hz Əliyə həm də, buna görə, Yetimlər Atası deyiblər. Çünki bu şəxsiyyət danışan və yaşayan Quran idi. Ali İmamımız tərbiyəsini Allahın son elçisi Hz. Məhəmməddən (s) və Haqdan endirilmiş Qurani-Kərim kitabdan almışdı.
Bu şəfqət və mərhəmət sahibi gecə gündüz işləyib, zəhmət çəkəndən sonra, qazandığının az bir qismini evinə xərcləyər, qənaətlə dolanar, bundan dolayı artırdığı qazancından kimsəsizlərə, çarəsizlərə daima yardım edərdi.
O, əsl yetimlər və kimsəsizlər Atası idi. Varisi olmayan yaşlıların, tənha yaşayan, biçarə qadnınların dadına çatar, yorulmaq bilmədən, uf demədən, qayğısına qalar, əllərindən tutar, gecələri taqətdən düşənə, kürəyi yara bağlayana qədər ehtiyaclı ailələrə ərzaq daşıyardı. Əksər vaxtlar yardımı və yeyəcək ərzaqları alanlar onun kimliyini bilməzdi. Üzü niqablı, tanınmaz halda gedər, apardıqlarını qapıdan buraxıb oradan uzaqlaşardı.
Həzrət Əli Şəhid olduqdan sonra, insanlar xəbərdar oldu ki, bu günə kimi onlara himayədarlıq edən Uca könül sahibi olan İmam imiş. Çoxları da inana bilmirdi ki, ölkə rəhbəri, qoşun və sərkərdələr birliyinin başçısı eyni zamanda, müsəlmanların Əmiri belə yaxşılıqların da icraçısı imiş. Təsadüfü deyil ki, bu gün də atalarımızdan qalan bu deyim dillər əzbəridir: “Əl tutmaq Əlidən qalıb”.
Bir sözlə, yetimlərə, könlüqırıq uşaqlara qayğı göstərmək istədikdə, örnək olaraq ilk yada düşən də məhz dedikdə, İmam Əli (ə) olur. Çünki O, ömrünün çox böyük hissəsini, bəlkə də hamısını yetimlərin ehtiyacına fəda etməkdən zövq alan yeganə Varlıq idi. Nə zaman gözü bir yetimə satayşaydı, qəhər onu boğardı və göz yaşlarını da saxlaya bilməzdi. Ona acıyar, gələcəkdə onu cəmiyyətə qazandırmaq üçün düşünərdi. Əsl mehriban doğma ata kimi onlara nəvaziş göstərər, öz əllərilə yedizdirər, dərd-qəmdən uzaq tutar, onlarla oyun oynamaqdan zövq alar, ən xırda sevinc hissinə belə həssas yanaşaraq duyğulanardı. Yetimləri və kimsəsizləri kimsəsizlik hissi keçirməyə, özlərinə qapılmağa və mənəvi boşluğa düçar olmağa qoymazdı.
O, ömrünün son halında, yaralı yatağında uzanıqlı halında belə, övladları vasitəsi ilə müsəlmanlara vəsiyyət edərək, valideyn himayəsindən məhrum uşaqlara xüsusi diqqət göstərməyi tapşırmışdı. Ən müqəddəs kəlamları: “Allah üçün yetimləri unutmayın! Məbada onlar sıxıntıda qalsınlar”, “Ən gözəl yaxşılıq yetimə olan yaxşılıqdır”, “Yetimə onun ehtiyaclarını aradan qaldıranadək himayə göstərən kəsə Allah Behişti vacib etmişdir. Necə ki, yetimin malını yeyənə Cəhənnəmi vacib etmişdir.” və sairələridi.
Unutmayaq ki, Qurani-Kərimdə Allah bizə dəfələrlə tapşırılmışdır ki, yetimlərə sahib çıxın, onlara məhəbbət göstərin. Allah qatında bu buyruq və əmrlər ən fəzilətli əməllərdən hesab olunur və əvəzində böyük əcr vəd edir Yaradan. Peyğəmbərimiz (s) buyrub: “İstəyirsənmi ki, qəlbin aram və arzuların həyata keçən olsun? – Yetimə rəhm et və məhəbbət əlini onun başına çək, öz yeməyindən ona da yedizdir”.
Əziz müsəlman bacı və qardaşlar!
Yaşadığımız bölgələrdə yaxın qohumlar, qonşularla bərabər ehtiyaclı yetim uşaqlara maddi və mənəvi dəstək durmaq, onları topluma qazandırmaq bizə düşər. Axı, biz özümüzü müsəlman, Peyğəmbər (s) ümməti və Əli (ə) tərəfdarı deyə təqdim edirik. Əsas amil bir də, budur ki, biz insanıq. Məncə, əməli İslam və ən böyük ibadət də bu cür insanlara və uşaqlara dəstək durmaqdan keçir. Gəlin, həm, yetimin haqqını verənlərdən, həm də “yetim malı (haqqı) yeməyənlər”dən olaq.
Valideyn Himayəsndən məhrum ehtiyaclı uşaqları bizə tanıtdıran və yardımların onlara yetişməsində vasitəçi olan “Əmin” adlı xeyriyyə fondu var.
Artıq iki ildir ki, bu sahədə nizamlı şəkildə fəaliyyət göstərən rəsmi qeydiyyatı olan bu fonda könüllü olaraq müraciət edən xeyirxah insanlar üzv olur. Bundan sonra hər ay 20 lari məbləğində onların fondun hesabına köçürdükləri pulu 90-a yaxın valideyn himayəsindən məhrum yoxsul uşaqların hesabına (50 lari məbləğində olmaqla) köçürür. Hal hazırda fonda 200-ə yaxın xeyirxah insan qoşulmuş və daima yardım etməkdə fondla əməkdaşlıq edirlər.
Xüsusilə vurğulayım ki, maddi dəstək növbəsində gözləyən və yaşları 17-yə çatmayan atasını itirmiş yoxsul uşaqlar çoxdur.
Sizləri Əli Əleyhissəlamdan qalan bu ənənəni yaşatmağa, fonda üzv olub hər hansı bir uşağın azacıq da olsa yarasına məlhəm olmağa, bir qism ehtiyaclarının qarşılanmasına yardımçı olmağa dəvət edirik.
Şübhəsiz ki, Sizin mərhəmət əliniz açıldıqca, Allah ruzinizə bərəkət, ailənizə cansağlığı bəxş edər və Sizi hər iki dünyada mükafatlandırar. Çünki Allah edilən zərrə qədər yaxşılıqları əvəzsiz qoymaz.
Ramin İgidov