Şaban ayı daxil oldu

Şaban ayı daxil oldu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Həzrəti Məhəmməd (s) “Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar”

Şəban – qəməri təqvimin səkkizinci ayıdır. Hədislərdə bu mübarək ay Hz.Məhəmməd(s) ayı kimi qeyd olunur.

Peyğəmbər(s) buyurur: “Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”.

O Həzrət(s) bu ayı axıra kimi oruc tutar və oruclarına fasilə vermədən mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Bu ayın əsas bəyənilən əməlinin oruc olması təsadüfi deyil. Şəban, özündən öncəki Rəcəb ayı kimi müqəddəs Ramazan ayına müqəddimədir. İlahi ziyafət və ibadət ayı sayılan Ramazan ayına mənəvi və fiziki baxımdan hazır olmaq üçün Allah Rəcəb və Şəban aylarında oruc tutub, bağışlanmaq diləməyi tövsiyə edir. Bu aylar bəndə üçün bir fürsətdir ki, Rəbbinin mübarək Ramazan ayında dəvətinə ləyaqətlə cavab verə bilsin.

Hz.Rəsuləllah(s) bu ay başlayandan Ramazan ayına qədər fasiləsiz hər gün oruc tutardı.  Hz.Əli(ə) buyurur ki, hər kim Allaha daha yaxın olmaq üçün, Peyğəmbəri(s) sevdiyini göstərmək üçün Şəban ayında oruc tutarsa, Allah onu Özünə yaxın edər.

İmam Səccad (ə) Şaban ayı daxil olduğu zaman  səhabələrini toplayar və onlara belə buyurardı- “Kim şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər”.

 

Peyğəmbərin (s) bu mübarək ayında hansı əməllər daha fəzilətli hesab olunur?

1. Peyğəmbərə (s) yaxınlaşmaq. Hədislərimizin buyurduğu kimi, Şəban ayı – Həzrət Peyğəmbərin (s) ayıdır və ona görə də hər birimiz bu ayda ona yaxınlaşmağa çalışmalı və Həzrətin (s) inayətini qazanmalıyıq. Hər kim bu ayın onun üçün bərəkətli olmasını istəyirsə, gərək bu ayın sahibinə təvəssül etsin və yaxınlaşsın. Ona görə də bu ayda salavatlarımızın sayını artırmalı və Həzrətə (s) daha çox təvəssül etməliyik.

2. Oruc tutmaq. Şəban ayında oruc tutmağın xüsusi fəziləti vardır. İmam Rza (ə) buyurur: “Əgər kimsə Şəban ayının bir gününü oruc tutsa, Allah behişti ona vacib edər”. Bu ayın son üç gününün orucu – çox tövsiyə edilən əməllərdəndir. Hər kim bu üç günü oruc tutub, onu Ramazan ayına birləşdirərsə sanki iki ay dalbadal oruc tutmuş kimi olar və onun savabına çatar.

3. İstiğfar. Allaha tövbə və istiğfar etmək zaman və məkana baxmır. İnsan hər bir şəraitdə və hər bir zamanda etdiyi günahlarına və xatalarına görə tövbə edib peşmançılığını bildirməlidir. Ancaq Şəban ayı tövbə üçün lazımlı zəminələri hazır etdiyi üçün, bu ayda edilən istiğfarların təsiri daha çoxdur. İmam Rza (ə) buyurur: “Şəban ayının ən ütsün duası – istiğfardır. Əgər hər kim bu ayda 70 dəfə istigfar edərsə, o kəs kimi olar ki, bu aydan qeyrisində 70 000 dəfə istiğfar etmişdir”.

4. Sədəqə vermək. Bu ayda verilən sədəqənin savabı başqa aylardan daha çoxdur. İmam Rza (ə) buyurur: “Əgər kimsə Şəban ayında hətta yarım xurma qədər sədəqə verərsə, Allah onun cismini cəhənnəm atəşindən uzaqlaşdırar”. (Tebyan)