Quranı düzgün başa düşməyin yolları

Quranı düzgün başa düşməyin yolları

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qurani-kərim Allah tərəfindən insanlara göndərilən sonuncu kitabdır. Məhz bu kitabın vasitəsi ilə həm dünya, həm də axirət xoşbəxtliyinə nail ola bilərik. Tarix boyu Quranın ayələrini oxuyb, öz yaşayışlarını yaxşıya doğru dəyişən insanların sayı heç də az olmayıb. Hətta bəzən müsəlman olmayan məşhur, eləcə də sadə insanlar, quranı mütaliə edib, onun dərin mənalarına diqqət eməklə, islam dinini qəbul etmişlər.
Həzrət Əli (ə) Quran ayələrinin mənası haqqında belə buyurur: “Quranın zahiri heyrətləndirici və gözəl, batini isə dərin mənalıdır”.
Təəssüflər olsun ki, elə insanlar da var ki, Quranın ayələrini oxuyur, amma onun həqiqi mənasını dərk etmədikləri üçün, həqiqətdən uzaq düşürlər.
Quran ayələrini düz başa düşməyən və yanlış mənada açıqlayan insanları iki dəstəyə bölmək olar.
Bəzi insanlar islam dininə qarşı düşmənçilik etdikləri üçün, Quranın bəzi ayələrinin zahiri mənasını götürüb, onu öz çirkin məqsədləri üçün istifadə edir və bu yol ilə islama ləkə gətirmək istəyirlər. Misal üçün Allah-taala Muhəmməd surəsinin 4-cü ayəsində belə buyurur: “Kafirlərlə qarşılaşdığınız zaman boyunlarını vurun”.
Bəziləri isə, İslam dini ilə düşmən deyil, əksinə islamı İlahi bir din kimi qəbul edir, amma bəzi ayələrin zahiri mənasını rəhbər tutaraq, onun həqiqi mənasından uzaq düşürlər.
Birinci dəstə insanlara, Quran ayələrinin mənası haqqında hər hansı bir reallığı sübut etməyin bir mənası yoxdur. Çünki onların niyyəti bəllidir və iddilararının yanlış olduğuna dair hər nə qədər də dəlil gətirilsə, yenə də öz inadkar düşüncələrindən əl çəkən deyillər.
Quran ayələrini düzgün başa düşmək üçün, islam dini ilə düşmənçiliyi olmayan və islamı sonuncu İlahi din kimi qəbul edən insanlara isə aşağıda qeyd olunan qaydalara riayət etməyi tövsiyə etmək olar.
Belə ki, əgar Quran ayələrini düzgün başa düşmək istəsək, ayələri oxuduğumuz zaman, aşağıda qeyd olunan iki mühim nöqtəyə diqqət yetirib, həmin iki qaydaya riayət etməliyik.

1- Davamlı şəkildə günah etməmək və ayələri oxuyan zaman, onun kəlmələrinin anlamına diqqət edib, haqqında düşünmək
Quranı oxuduğumuz zaman, kəlmələrin mənasına diqqət edib, onun haqqında düşünmək, ayələrin həqiqi mənasını dərk etməkdə bizə yardım edər. Misal üçün əgər cəhənnəm əzabı haqqında hər hansı bir ayəyə rast gəlsək, onun mənaları haqqında düşünüb, daxilimizdə Allahdan günahlarımız üçün bağışlanmaq tələb etməliyik.
Allah bu barədə buyurur: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)”. (Muhəmməd surəsi, ayə 24).
Digər bir ayədə isə belə buyur: Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. ( Mutəffifin surəsi, ayə 14).
Yuxarıda qeyd olunan iki ayədən belə nəticə almaq olar ki, Quranın ayələrini oxuyarkən, onun mənasına diqqət yetimək lazımdır.
Həmçinin bunu da unutmamalıyıq ki, dünyaya bağlılıq, Allahdan qafil olmaq və davamlı şəkildə günah edib, tövbə etməmək, insanın qəlbinə möhür vurar və Quran nurunun qəlbə nüfuz etməsinin qarşısını alar.
Mütəal Allah bu barədə buyurur: Sonra, pis əmələ düçar olanların sonu o həddə çatdı ki, Allahın ayələrini yalanlayıb, onu lağa qoydular. (Rum surəsi, ayə 10).
Ona görə də ayələrin anlamını daha yaxşı başa düşmək üçün, gərək həm günahdan uzaq olaq, eyni zamanda da Quranı oxuyarkən, onun kəlmələrinin mənasına diqqət yetirək.

2- Quran ayələrinin müxtəlif xüsusiyyətləri ilə tanış olmaq
Bildiyimiz kimi Quran 23 il ərzində nazil olub. Quranda 114 surə var və hər bir surədə müəyyən ayələr mövcuddur. Bu ayələr, şəriət, ailə, cihad, əxlaq, əqaid və bu kimi müxtəlif mövzular barədə nazil olub. Eyni zamanda da, ayələrin “Şənu-Nuzul, Muhkəm və Mutəşabih, Nasix və Mənsux” və bunlar kimi özünə məxsus bəzi xüsusiyyətləri var. Əgər insan həmin xüsusiyyətlər ilə tanış olmasa, özü də bilmədən, quranı yanlış başa düşər. Şənu-Nuzul dedikdə, ayənin hər hansı bir şəxs haqqında və ya baş vermiş müəyyən hadisə barədə nazil olması nəzərdə tutulur. Yəni ayələrin bəzisi, müəyyən hadisənin baş verməsinin ardınca və həmin hadisə ilə əlaqədar nazil olub. Ayəni oxuyub, həmin hadisədən xəbərsiz olan şəxs, onun həqiqi məna və fəlsəfəsindən uzaq düşə bilər.
Muhkəm və Mutəşabih ayələri haqqında da mütaliə etməliyik. “Muhkəm” o ayələrə deyilir ki, onun zahiri mənasını oxuyanda, elə əsl mənası başa düşülür. Misal üçün “ De ki, Allah təkdir”. (İxlas surəsi,ayə 1).
Bu ayəni oxuyan hər bir kəs, Allahın tək olduğunu başa düşür. Bu ayələrə, Muhkəm ayələr deyilir.
Zahiri mənası ilə, həqiqi mənası eyni olmayan ayələrə isə, “Mutəşabih” ayələri deyilir. Misal üçün Nur surəsinin 35-ci ayəsində, Allah-taala buyurur: “Allah göylərin və yerin nurudur”.
Bu ayəni oxuyan şəxs, elə güman edə bilər ki, Allah nur və işıqdır. Halbu ki, bu heçdə belə deyil.
Bunları nəzərə alaraq deyə bilərik ki, Quranı düzgün başa düşməyin ikinci yolu, ayələrin xüsusiyyətləri ilə tanış olmaq və alimlər tərəfindən yazılmış təfsir (açıqlama) kitablarını mütaliə etməkdir.

Hacı Elçin Əliyev