Qüdsü işğal planı işə salınır - Təhlil

Qüdsü işğal planı işə salınır – Təhlil

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Son gündə İsrail tərəfinin başlatdığı təxribat və məskunlaşma planı işğal altında olan Qüds şəhəri başda olmaqla, regionda böyük narazılıq yaradıb.

Nəticədə fələstinlilərin haqlı etirazına İsrail polisi vəhşicəsinə müdaxilə edib. Həm regionun aparıcı müsəlman ölkələri, həm də Avropa ölkələri İsrailin bu qanunsuz əməllərini dayandırmağa çağırıblar.

Son iki gün ərzində İsrail rejiminin müdaxiləsi nəticəsində yüzlərlə fələstinli xəsarət alıb. Buna cavab olaraq Fələstin ərazisindən işğalçı İsrailə bir neçə raket atılıb. Raketlər İsraildə həm rəsmi şəxslər, həm də yəhudilər arasında böyük təşvişlə qarşılanıb. İsrail isə cavab atəşi olaraq Fələstinə bir neçə aviazərbə endirib. Nəticədə 9-u uşaq olmaqla, 20 Fələstin vətəndaşı həyatını itirib.

İsrail rejimi illərdir Fələstin bölgələrində, xüsusən Ramazan ayında müxtəlif təxribatlar törətməklə sadə vətəndaşlara qarşı zorakılıq nümayiş etdirir. Bu addımların arxasında sionist işğal planı dayanır. İslam dünyasının ən müqəddəs məkanlarından biri olan və müsəlmanların ilk qibləsi sayılan “Əl-Əqsa” məscidinə basqın edən radikal yəhudilər bölgədəki gərginliyi artırır və çirkin siyasətlərini həyata keçirməyi düşünürlər.

İsrail rəhbərliyi tərəfindən qəsdən alovlandırılan bu atəşin arxasında sionist ambisiyalara əsaslanan genişləndirici siyasət yer alır. Fələstinliləri xüsusilə zorakılıq, zülm və təhdidlə müsəlman torpaqlarından qovmağa çalışan İsrail rejimi bu il də öz həqiqi simasını ortaya qoyub. İsrail polisi bir müddətdir Qüdsdə yerləşən “Əl-Əqsa” məscidində ibadət edərkən fələstinlilərə müdaxilə edir. Şəhərdə yaşayan digər yəhudi köçkünlər də İsrail polisinin Ramazan ayında başlatdığı bu zorakılığa dəstək verir.

Niyə Qüdsdə gərginlik artıb?

Əslində iki vacib səbəb var. Birincisi, Qüdsün Şeyx Cərrah məhəlləsindəki 28 fələstinli ailənin zorla öz doğma və qanuni evlərindən çıxarılmasıdır. Digər səbəb isə yəhudi köçkünlərin 10 mayda qeyd etdikləri “Qüds günü”dür ki, onu “Əl-Əqsa” məscidinə daxil olaraq qeyd etmək istəyirlər.

“Qüds günü” təxribatı

Əvvəlcə yəhudi köçkünlərin “Əl-Əqsa” məscidinə nə üçün daxil olmaq istədiklərini araşdıraq. İsrail rejimi 1967-ci ildə İordaniya, Suriya və Misirə ani hücum etmiş və “6 Gün Müharibəsi” adlanan müharibədə Misirin Sinay yarımadasını, İordaniyaya bağlı Şərqi Qüds və Qəzzanı, Suriyanın Colan təpələrini işğal etmişdi.

Yəhudilər İsrailin Qüdsü işğal etməsini “Qüds günü” kimi qeyd edir. Bu il isə Qüdsün işğalının 54-cü ildönümü idi. Məhz bu gün yəhudilərin müqqədəs məscidə daxil olaraq, işğal gününü qeyd etməsi əlavə gərginlik və problem yaradıb. Məlum olduğu kimi, radikal yəhudilər məscidə daxil olmaq istəsə də, fələstinlilər buna imkan verməyiblər. Nəticədə qarşıdurma yaşanıb ki, İsrail polisi də bu məsələdə məhz yəhudilərin tərəfində durub.

Evlərindən zorla çıxarılan fələstinlilər

Hazırda Qüdsdəki gərginliyə səbəb kimi yəhudilərin məscidə daxil olmaq cəhdləri görünsə də, əsas səbəb başqadır. İsrail Qüdsü işğal etdiyi 1967-ci ildən bəri fələstinliləri müxtəlif bəhanələrlə oradan çıxarır və yəhudi köçkünləri onların yerlərinə yerləşdirməyə çalışır. İsrail rejimi bu günə qədər Şərqi Qüdsdə 18 qanunsuz yəhudi məskunlaşma yeri inşa edib və bu yaşayış yerlərində 220 mindən çox yəhudi köçkün yerləşdirib. Sionist rejimdən əlavə, ekstremist yəhudi təşkilatların Şərqi Qüdsü yəhudiləşdirmək cəhdləri də işğaldan sonra sürətlənib.

Şərqi Qüdsdəki fələstinlilərə evlərini satmaq üçün dəyərindən dəfələrlə baha qiymət təklif olunur. Bununla razılaşmayan fələstinlilər isə zorla, evləri sökülərək, oradan çıxarılır və yerlərinə yəhudilər köçürülür.

Müsəlmanlar Qüdslə bağlı birləşməlidir

İsrail rejiminin Qüds və Fələstinlə bağlı planlarının alt-üst olması üçün İslam ümmətinin birgə mübarizə aparması və sionist rejimlə əlaqələrini kəsməsi əsas şərtlərdən biridir. İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei də çıxışı zamanı bildirmişdi ki, müsəlmanlar Qüds istiqamətində birləşməlidir:

“Bu mübarək gələcəkdə müsəlman ölkələrinin çiçəklənməsi əsas hədəf olmalıdır və bu, çox da uzaq görünmür. Bu artımın mərkəzində bütün ölkə mənasını verən Fələstin və müqəddəs Qüdsün taleyi durur. Bu, İmam Xomeyninin (Allah ona rəhmət etsin) nurani qəlbini Ramazan ayının son cümə günü Beynəlxalq Qüds günü elan etməyə vadar edən həqiqətdir. Müqəddəs Qüds istiqaməti boyunca müsəlmanların yüksəlməsi sionist düşmən, Amerika, Avropa tərəfdarlarının kabusudur. “Əsrin müqaviləsi”nin uğursuz planı və daha sonra bir neçə zəif ərəb dövlətinin qəsbkar rejim ilə münasibətlərini normallaşdırmaq cəhdi bu kabusdan qaçmaq üçün çıxılmaz cəhdlərdir. Qəti deyirəm, bu səylər nəticə verməyəcək. Sionist rejimin çöküşü başlayıb və dayanmayacaq”.

Hüseyn Abdullah

Mənbə: https://eastnews.org/news/56435