Narkomaniya, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər - Məqalə

Narkomaniya, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər – Məqalə

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Narkotik maddələr tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik “narke” sözündən götürülüb yunan dilindən tərcümədə mənası “yuxu, bihuşluq” deməkdir və “mania” – “cəzb etmə, ağılsızlıq” deməkdir. Narkotik maddələrdən əvvəlcə tibdə istifadəyə başlamışlar. Bu elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkomanlıq xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından  bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar Abstinent sindromuna (lomka) gətirib çıxardır. Lomka fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış orqanizmin Abstinent sindromu zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də əl ata bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə dünyada 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir, onların da 3 milyonunda Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyi vardır. Azərbaycanda da rəsmi statistikaya görə son beş ildə narkomanların sayı 10 dəfəyədək artıb. Son məlumatlara əsasən ölkədə narkomanların rəsmi sayı 30 min nəfərə yaxındır.

Narkotik maddələrin qrupları

Psixostimulyatorlar – mərkəzi sinir sistemini stimullaşdıran maddələr – kokain, efedrin və sairdir. Buraya, həmçinin marixuana, qurudulmuş və xırdalanmış çətənə yarpaqları, həşiş və çətənə qətranı da aiddir.

Hallüsinogenlər psixikanın dərin dəyişkənliyinə səbəb olaraq hallüsinasiyaların əmələ gəlməsinə səbəb olur.

İnqalyantlar  nəfəs yolları ilə orqanizmə daxil edilən maddələrdir. Bunlar yapışqan (kley), benzin, aseton və sair toksiki maddələrdir.

Opiatlar morfin və kodeindir, morfindən isə sintetik yolla heroin alınır.

Yuxugətirənlər – ilk baxışdan zərərsiz görünən bu dərmanlar əsl narkotiklər kimi vərdişə çevrilə bilər.

Narkotiklərin təsirləri

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün azalmasına gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasını pozur.

Risk faktorları və qoruyucu faktorlar

Asılılıq adətən bir neçə faktorun təsiri altında yaranır. Burada yalnız bir səbəbdən danışmaq uyğun deyil. Aşağıda göstərilən amillər asılılığı olan insanlarda tez-tez müşahidə olunur.

Risk faktorları:

– psixi problemləri olan və ya asılılığı olan valideynlərin olduğu xaotik ailələr;

– düzgün olmayan tərbiyə üsulları;

– valideyn və uşaq arasında bağlılıq və sevgi əskikliyi;

– sinifdə həddindən artıq utancaqlıq və aqressiv davranışlar;

– məktəbdə müvəffəqiyyətin azalması;

– sosial bacarıqların zəif olması;

– deviant davranış nümayiş etdirən insanların olduğu mühitdə olmaq;

– məktəbdə, iş yerində, ailə mühitində narkotik maddələrin istifadəsinə şəraitin yaradılması və s.

Araşdırmalar nəticəsində asılılığın yaranmasını qabaqlayan qoruyucu faktorlar kimi aşağıdakılar müəyyənləşdirilmişdir:

  • güclü və pozitiv ailə əlaqələri;
  • valideynlərin uşaqlarının dostlarından və onların etdiklərindən xəbərdar olması;
  • ailədaxili qaydaların olması və hər kəsin buna əməl etməsi;
  • valideynlərin uşaqların həyatı ilə maraqlanması;
  • məktəbdə müvəffəqiyyətli olmaq, əlavə fəaliyyətlərlə məşğul olmaq;
  • narkomaniya və narkotik maddələr haqqında düzgün maarifləndirmə və s.

Psixoaktiv maddələrin istifadəsinin başlanmasının səbəbi müxtəlif yaşlarda və müxtəlif mədəniyyətlərdə fərqli ola bilər. Məsələn, yaşlı insanlarda yuxu problemləri olduğu üçün sakitləşdiricilərin istifadəsi həkim tərəfindən yazıla bilər. Dərmanlar aclıq və ya yorğunluğu aradan qaldırmaq, cinsi performansı artırmaq və ya dini səbəblərə – meditasiyaya kömək etmək, mistik hallar yaratmaq üçün istifadə edilə bilər. Narkotik istifadəsinin və asılılığın səbəbləri aşağıdakı qruplara ayrılır:

  • psixoloji amillər;
  • irsi amillər;
  • bioloji amillər;
  • sosial amillər;
  • ailə;
  • şəxsiyyət xüsusiyyətləri.

Aşağıda psixoloji amillərin, ailə və şəxsiyyət xüsusiyyətlərinin asılılıqdakı rolu barədə geniş informasiya verilir.

Psixoloji amillər

1. Psixoanaliz nəzəriyyəsi

Psixoanalizdə asılılığın səbəbləri psixoseksual inkişaf dövrlərinin oral və anal mərhələləri ilə əlaqələndirilir. İnsan reallığı başa düşmək, qəbul etmək və yaşamaqdan qaçır. Həmçinin göstərilir ki, insan qayğılardan uzaqlaşmaq üçün lazımlı müdafiə mexanizmlərindən istifadə edə bilmir.

Psixoanaliz nəzəriyyəsinin əsasını qoyan Freydə görə, psixoseksual inkişaf mərhələlərindən 1-cisi olan oral dövrdə (0-1 yaş, əsas fəaliyyət növü “ana ilə vasitəsiz emosional ünsiyyət”) olan problemlərə görə asılılıq yaranır. Bu dövrdəki problemlər anaya həddindən artıq bağlanma, acgözlük, neqativ düşüncə, həssaslıq, özünə qapanma kimi neqativ halların əsasını qoyur.

Bu mərhələ uşaq dünyaya gələndən 1 yaşa kimi olan dövrü əhatə edir və erogen zona (ağız hissəsi) ilə əlaqəlidir. Yəni bu mərhələdə uşaqlar süd əmməyi, yemək yeməyi, əl atdıqları hər bir əşyanı ağızlarına aparmağı öyrənirlər. Oral mərhələdə uşaq almağı və əldə etməyi öyrənir. Uşaq baxıma möhtac və çarəsiz olduğu üçün anasından gələn hər şeyi alır və qəbul edir. Bu mərhələdə yaranan fiksasiyalar gələcəkdə içki içməyə, siqaret çəkməyə, hərəki sistemin pozulmasına, emosional travmanın ortaya çıxmasına, fiziki inkişafdan geri qalmaya, qida pozuntularına, dırnaq yemə və s. kimi problemlərin yaranmasına səbəb ola bilər. Uşaqlıq dövründə doyma hissini təmin edən su, süd, ananın döşü kimi amillər sonrakı dövrlərdə siqaret, içki və narkotik maddəyə çevrilir. Beləcə, doyma hissini təmin etmə və həzzə çatma obyekti siqaret, içki və narkotik olur.

Alfred Adlerə görə, insanın davranışlarını idarə edən natamamlıq kompleksidir. Güclü olmaq, üstünlük hissi insanın inkişafına və davranışlarına təsir edir. Ciddi rejimdə təhsilalma, əlilliyin olması, sosial və iş həyatında uğursuzluq, qarşı cins ilə münasibətlərdə yaşanılan məyusluq güclü narahatlıq yaradır. Bu narahatlığın qarşısını ala bilməyənlər və emosiyalarını idarə edə bilməyənlər içki və narkotik kimi maddələrlə bu əskikliyi gizlədirlər.

İnsan dünyaya gələn vaxtdan ilk olaraq “mən”i qavrayır. Daha sonra “mən olmayan”ı qavrayır, yəni digər obyektləri. Vaxt keçdikcə xarici aləm ilə münasibətlərə başlayır. Bu münasibətlərin qurulmasında ana və ata ilə olan münasibətin müəyyənedici rolu var. Çünkü xarici aləm ilə olan münasibət ilk olaraq onlarla qurulur. Bu zaman sevgi və güvən hissindən qaynaqlanan əskikliklər uşağın həyatı boyunca ehtiyacı olan hisslər olaraq qalır.

Beləliklə, psixoseksual inkişaf dövrlərində sevgi və güvən əskikliyi, yetkinlik dövründə isə yaşanılan narahatlıqların basdırılmasının insanı narkotik maddələrə yönəltdiyini deyə bilərik.

2. Öyrənmə nəzəriyyəsi

Narkotik maddə asılılığının bihevioral (davranış) modelləri bu pozuntunun inkişafında öyrənmənin rolunu vurğulayır. Klassik və operant şərtlənmə yolu ilə hadisələr və hadisələrin əlaqələndirildiyi proseslər asılılığın səbəb olur. Məsələn, spirtli içkinin istifadəsi onun istifadə edildiyi mühitlə də bağlıdır. Spirtli içkinin qoxusu və dadı da rol oynayır. Daha çox rol oynayanlar isə məkan (barlar), xüsusi günlərin qeyd edilməsi və həmin maddələrdən istifadə zamanı şəxsin emosional halıdır (xoşbəxt, kədərli və s.). Bu cür hallarda davamlı olaraq psixoaktiv maddədən istifadə etmək oxşar vəziyyətlərdə də bu maddələrdən istifadə edilməsi düşüncə və gözləntisini yaradır. Beləliklə, bu cür maddələrin qoxusu, tanış barın qarşısından keçmək və ya əhval-ruhiyyənin pis olması spirtli içki, narkotik maddədən istifadə etməyə yönləndirən ünsürlərə çevrilir. Spirtli içkinin, narkotik maddələrin farmokoloji xüsusiyyətləri arasında stress azaldıcı və rahatlaşdırıcı təsirləri var və onlar bu maddələrin istifadəsinə davam etmək üçün cəlbedici amillərdir.

Beləliklə, öyrənmə nəzəriyyəsi hadisələr arasındakı  əlaqələri spirtli içki, narkotik maddə istifadəsində əsas ünsür kimi qəbul edir. Şərti reflekslər, mühit amili, bu cür maddələrin farmokoloji təsirləri də burada rol oynayır.

Ailə

Ailə insanın həyatında və inkişafında çox vacib rol oynayır. İnsanın inkişaf dövrlərində sevgi, güvən hisslərinin formalaşdığı qurumdur. Burada yaranan problemlər şəxsiyyət xüsusiyyətlərinə təsir edir. Ailə, həmçinin sosial normaların və dəyərlərin inkişafında da əsas rol oynayır. Ailədəki tərbiyə üsulu, münasibətlər, qaydalar yeniyetmənin psixososial inkişafını istiqamətləndirir. Ailə münasibətləri və gənclərin narkotik maddələrdən istifadəsi arasında müəyyən asılılıq müəyyən edilmişdir. Ümumilikdə, ailə münasibətləri düzgün olmayan gənclər arasında narkotik maddə istifadəsi daha çox yayılmışdır. Ailə və narkotik maddə istifadəsi arasındakı əlaqə aşağıda izah edilmişdir:

1. Narkotik maddələrdən istifadə edən gənclərin böyük əksəriyyətinin ailəsində də bu maddələrdən istifadə edən şəxslərin olduğu müəyyən edilmişdir.

2. Narkotik maddələrdən istifadə edən gənclərin valideynləri əksər hallarda lazımi qədər sevgi, diqqət, qayğı, nəzarət və ailədaxili qaydaları olmayan ana-atalardır.

3. Bəzi ailələrin isə basqın xarakterli, avtoritar olduğu müəyyən edilmişdir.

4. Boşanmış, ayrı yaşayan, valideynlərdən birinin itirildiyi ailədən olan uşaqlar arasında bu cür maddələrin istifadəsi daha çox yayılmışdır.

5. Ana-atanın düzgün nümunə və model olmaması da vacib amildir. Problemlər qarşısında aciz qalan, yeni üsul və yollar axtarmayan, bu cür maddələr haqda yaxşı fikirdə olan ailələrin uşaqları risk qrupuna daxildir.

6. Ailə daxilində yeniyetmənin problemlərini bölüşə biləcəyi insanın olmaması da problem yaradır.

7. Həddindən artıq qoruyuculuq və nəzarətin olduğu ailənin uşaqlarında narkotik maddəyə meyillilik müşahidə edilmişdir. Övladlarına qulaq asmayan, onları başa düşməyən, öz dəyərlərini davamlı olaraq təlqin edən, uşağın şəxsi dəyərlərinin formalaşmasına imkan verməyən valideynlər gələcəkdə uşaqları ilə problemlər yaşayırlar. Valideynin diqqəti, qayğısı, uşaqlar ilə keçirdiyi vaxt və onlara qarşı mövqeyi müəyyənedici amil olaraq qiymətləndirilir.

Şəxsiyyət xüsusiyyətləri

Narkotik maddə istifadəsinin başlamasında şəxsiyyət xüsusiyyətləri və müəyyən anadangəlmə xüsusiyyətlər xüsusi rol oynayır. Həyəcan axtarışı, sosial adaptasiya problemləri yeniyetmə və gənclərdə spirtli içki və narkotik maddə istifadəsinə başlamağa səbəb olan faktorlardandır.

Spirtli içki və narkotik maddə istifadəsi kişilərdə qadınlara nisbətən daha çox təsadüf edilir. Bunun səbəbi deviant davranışın kişilərdə daha çox müşahidə edilməsi ola bilər. Deviant davranış davranış pozuntuları, qorxusuzluq, digər insanlarla hesablaşmamaq kimi dəyərləndirilir.

Psixoaktiv maddələrdən asılılığı olan insanlardan danışarkən “yetkinləşməyən”, “nəfsinin qurbanı olan”, “özünə inamı olmayan və özünü olduğu kimi qəbul edə bilməyənlər”, “üsyankar”, “insanlarla münasibət qurmaqda çətinlik çəkən” və s. ifadələr işlədilir.  Psixoanalizə görə, psixoaktiv maddələrdən istifadə bu cür maddələrin beyinə təsiri nəticəsində istədiyi vaxtda həzz almaq, bunun nəticəsində yetkinliyin məsuliyyət və çətinliklərindən qaçmaq istəyən şəxslər üçün “ən yaxşı yol və hədiyyədir”.

Mübarizə necə aparılmalıdır?

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər – narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi orta hesabla 4 nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər.

Məktəb və məktəb psixoloqu nə edə bilər?

  1. Öyrənmə prosesinin şagirdlər üçün cəlbedici qurulması onları deviant davranışdan uzaqlaşdırır. Bu səbəbdən təlimin təşkili məsələləri həmişə diqqət mərkəzində olmalıdır.
  2. Şagirdlərə özünüidarə imkanları yaratmaq onların fəal və məsuliyyətli olmasını dəstəkləyir. Məsələn, şagirdlər üçün önəmli olan məsələlərin nəzarətdə saxlanılmasını şagirdlərin özünə həvalə etmək (şənliklərin, ekskursiyaların, gəzintilərin və idman yarışlarının təşkili, məktəbli forması ilə bağlı məsələlər və s.)
  3. Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideynlər üçün maarifləndirici seminarların mütəmadi keçirilməsi  tövsiyə edilir.
  4. Özünüifadə çətinliyi olan şagirdlər üçün qrup terapiyasının təşkili fayda verə bilər.
  5. Musiqi, Təsviri incəsənət, Texnologiya və Fiziki tərbiyə dərslərinin imkanlarından tam istifadə etmək məktəbdə normal öyrənmə mühitinin bərqərar olmasına şərait yaradır və dolayısı ilə şagirdləri kənar təsirlərdən uzaqlaşdırır.
  6. Narkoloji dispanserə ekskursiyanın təşkili, həkimlərin iştirakı ilə dəyirmi masalar kimi tədbirlər də faydalı ola bilər.

Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin və hər bir şəxsin birgə və fərdi fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

Hazırladı: TİPİİ-nin əməkdaşı Aynur Rəhimova