HƏQİQİ MÖMİN (MƏQALƏ)

HƏQİQİ MÖMİN (MƏQALƏ)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Həqiqi mömin
Bəzən insanlar arasında iman və İslam arasında fərq qoyulmur. Bu təsəvvürlə ki, hər kəs kəlmeyi şəhadət dilə gətirərsə müsəlman və həqiqi iman sahibi olacaq. Halbuki Qurani-Kərim İslam dinini qəbul edənlə iman gətirən şəxs arasında fərq qoymuşdur. Necə ki, belə buyurur:
Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır .” (Hücürat, 14)
Mümkündür bir şəxs kəlmeyi şəhadət dilə gətirsin və zahirdə müsəlman olsun. Və bununla da o şəxs gizlində dinin vacibatlarına əməl etməsə də müsəlman hesab olunaraq İslamın bir çox şeylərindən (müsəlmanla evlənmək və irs əldə etmək kimi) faydalana bilər. Ancaq bu onun dünyası üçün faydalı olsa da axirəti üçün heç bir faydası yoxdur. Çünki İslam dinin insanlardan gözlədiyi şey onların imanıdır ki, onların qəlbinə daxil olmalıdır. Uca Allahın dəyərləndiridiyi şey onların qəlbidir. Qəlb, hiss və atifələrin mərkəzidir. İman, yəqin, məhəbbət, Allah qorxusu və qəzəb qəlbdə yer alır. Kəlmeyi şəhadət qəlbən deyilməsə imana çevrilməz. Buna görə də zahiri imanla batini iman arasında fərq qoyulmalıdır. Batini imanın bir neçə əlaməti vardır ki, onlardan biri Allah-taalanı yad etməklə qəlbin titrəməsidir. Necə ki, buyurulur:
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər.” (Ənfal, 2)
Necə ki, Aşiq məşuqunun adı çəkiləndə qəlbi həyəcana gələr, mömində Allahın adı yanında çəkiləndə qəlbi həyəcanlanmalıdır. Çünki möminin tək istəyi rəbbinə yaxın olmaq və onun sevgi və məhəbbətini qazanmaqdır.
“ Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar” (Ənfal, 2)
Mömin, Qurani-Kərimə müraciət etdiyi zaman və yaxud o ayələr yanında oxunduğu zaman həqiqi hidayət kəlamları olduğu üçün onlardan təsirlənərək imanına təsir bağışlayar. Çünki ayələrin mətnində insan həyatının bütün sahələrini əhatə edəcək həddə göstərişlər qeyd olunubdur.  Buna görə də o ayələr onun səadət çırağı olduğu üçün imanı daha da artacaqdır.
“Onlar ancaq öz Rəbbinə təvəkkül edər.”  (Ənfal, 2)
Həqiqi iman sahibi qəlbini ancaq Allah-taala üçün hazırlayıb, onun yadıyla imanını artırdıqdan sonra tam şəkildə etimad etdiyi şəxs məhz rəbbi olacaq. Çünki dünyanın bütün tədbiri rəbbinin nəzarəti ilə yürüdüyü üçün yeganə etibar edib təvəkkül edəcəyi şəxs uca Allah olacaqdır. Dünyada hər bir şey səbəb üzündən yaransa da o səbəbin də banisi Allah-taaladır. Bu səbəbdən də mömin ancaq bütün işlərini rəbbinə həvalə edir. Dünyada hər nə ilə qarşılaşsa rəbbindən olduğunu bilir.
Sadalanan şeylər imanın etiqadi əlamətləri idi. Ancaq bir sıra şeylər də var ki , imanın əməli əlamətləri kimi görsədilib. Bu haqda belə buyurulur:
“O kəslər ki, namaz qılır” (Bəqərə,3)
Təqva və iman sahibinin əməli əlamətlərindən biri də onların namaz qılmalarıdır. İbadət bütün dinlərdə imandan qaynaqlanan bir şeydir. İman sahibi rəbbinə inanc bəsləməkdən əlavə onu həqiqi sitayişə layiq görüb qarşısında təvazo əlaməti olaraq baş əyir.
“Və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.”  (Bəqərə,3)
Mömin nemətlərin hamısı Allah-taalaya məxsus olduğu üçün onu ehtiyaclılara bəxş etməkdən belə çəkinmir. Çünki ruzi məhz rəbbindən onun üçün bəxş olunduğu üçün onu möhtaclarla bölüşür. Bu etiqadla ki, heç bir şey bəndənin özündən deyil. Bəlkə o uca varlıqdır ki, bütün nemət və ruzi onun tərəfindən bəxş olunmuşdur.
Beləliklə, məlum olur ki, “İslam və İman” arasında böyük fərq vardır. Hər bir müsəlman, mömin deyil. Bəlkə hər bir mömin müsəlmandır.

Mahir Məmmədov