Android tərtibatçıları istifadəçilərə tətbiqlərin hansı məlumatları yığdıqlarını bildirməli olacaqlar

Android tərtibatçıları istifadəçilərə tətbiqlərin hansı məlumatları yığdıqlarını bildirməli olacaqlar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

   Google elan edib ki, Google Play-də xüsusi təhlükəsizlik bölməsi istifadəyə veriləcək və Android üçün tətbiq yaradan tərtibatçılar həmin bölmədə müəyyən məlumatları qeyd etməli olacaqlar. Bu üsul ilə onlar tətbiqlərin hansı məlumatları yığdıqları barəsində istifadəçilərə məlumat verəcəklər. Bu barədə The Verge saytı xəbər verib. Google Play-də istifadəyə veriləcək təhlükəsizlik bölməsində tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqları əks olunacaq. Buna misal olaraq istifadəçinin yerləşdiyi yeri, kontakt məlumatlarını və digər özəl məlumatları gətirmək olar.

    Tərtibatçılar həmçinin yığılmış məlumatların necə istifadə olunduqları və həmin məlumatların nəyə görə yığıldıqları barəsində məlumatları da qeyd edə biləcəklər. Məsələn tərtibatçılar yığılan məlumatların şifrələnib-şifrələnmədikləri, tətbiqlərin Google ailə siyasətinə uyub-uymadıqları və s. kimi məlumatları verə biləcəklər. Təhlükəsizlik bölməsində tərtibatçılar istifadəçilərin məlumat yığımını deaktiv edə bilmələri özəlliyinə sahib olub-olmadıqlarını da qeyd edəcəklər.

 Google şirkətinin bu yeni siyasəti bütün tətbiqlərə şamil olunacaq və tərtibatçılar tərəfindən qeyd olunacaq bütün məlumatlar müstəqil təmsilçilər tərəfindən yoxlanılacaq. Əgər qeyd olunacaq məlumatların doğruluğu şübhə yaratsa və tərtibatçılar bu cür məlumatları qeyd etməkdən imtina etsələr Google tətbiqlərin yenilənməsini deaktiv edə bilər. Şirkətin bu yeni siyasəti tədricən qüvvəyə minəcək. Bu ilin dördüncü rübündən başlayaraq tərtibatçılar hansı istifadəçi məlumatlarını yığdıqlarını qeyd edə bilərlər.

    İstifadəçilər isə Google Play-də həmin təhlükəsizlik bölməsini 2022-ci ilin əvvəlindən görə biləcəklər. Konfidensiallıq ayarları barəsində daha ətraflı məlumatı şirkət bu ilin ikinci yarısında verməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, keçən ilin dekabr ayından başlayaraq Apple şirkəti də bu cür konfidensiallıq siyasətini istifadəyə vermişdi. Belə ki, iOS tərtibatçıları öz tətbiqlərinin hansı məlumatları yığmaları barəsində məlumatı istifadəçilərə çatdırmalıdırlar və məlumat yığımı yalnız istifadəçinin razılığı ilə reallaşdırılmalıdır.

TECHNOTE.AZ